Qlobal neft şirkətləri təbii qazın gələcəkdə önəmli rol oynayacağına inanaraq bu sektora iri yatırımlar qoymağa başlayıb.
“Wall Street Journal”a istinadən, bu tendensiya hazırda Londonda keçirilən 38-ci beynəlxalq “Neft və Pul” (Oil and Money) energetika konfransında müşahidə olunub.
“ExxonMobile” şirkətinin vitse-prezidenti Robert Franklinə görə, Çin getdikcə təbii qaza daha çox tələb göstərir. Bu ölkənin maye qaz idxalı ötən il 40% artıb. Bu ölkəni tezliklə Hindistan izləyəcək. Hindistan prezidenti Narendra Modi ölkə iqtisadiyyatını neftdən qaza çevirmək istədiyini dəfələrlə bildirib.
Statistika göstərir ki, dünyanın nəhəng energetika şirkətlərinin təbii qaz sektoruna investisiyaları son 10 ildə 700 mlrd. dollar təşkil edib. “ExxonMobile” və “Royal Dutch Shell” hazırda neftlə müqayisədə daha çox qaz hasil edir. Bu şirkətləri daha çox maye qaz maraqlandırır. Belə ki, maye qazı nəql etmək daha asandır.
Rusiya və Qətər kimi ölkələr qaz hasilatını getdikcə artırır. Bu da, öz növbəsində, təklifi yüksəldərək qiymətləri aşağı çəkir.