Səudiyyə Ərəbistanı başqa neft istehsalçısı ölkələrlə razılaşma çərçivəsində hasilatı bu aydakı rekord 12,3 milyon barel səviyyəsindən maksimum 4 milyon barel azalda bilər.
Bu barədə “Reuters” yazır ki, bu barədə OPEC-dəki mənbə bildirib.
Dünyanın ən iri neft istehsalçısı olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hazırda hasilatı məhz hansı səviyyədən azaltmaq barədə zidiyyətlər yaşanır. Belə ki, Rusiya tərəfi ilin birinci rübünün səviyyəsindən, yəni 10 milyon bareldən hesablamaqda israr edir. İki mənbə Rusiyanın maksimum 2 milyon barel azaltmağa hazır olduğunu bildiriblər.
“Rusiya ilə Səudiyyə Ərəbistanının aralarındakı ziddiyyətləri bu gün dəf edə biləcəyinə əmin deyiləm, bu məsələ xeyli uzana bilər”, – deyə bir rusiyalı mənbə fikrini bölüşüb.
Bu gün OPEC+ formatının iştirakçısı olan ölkələrin nazirləri koronavirus səbəbindən tələbatın xeyli azalması ilə bağlı bazarı tarazlaşdırmağın yollarına dair videokonfrans şəklində müzakirə aparacaqlar.
Lakin “Goldman Sachs” və UBS kimi nüfuzlu maliyyə təsisatlarının fikrincə, hasilatın xeyli azalacağı təqdirdə belə qiymətlər qalxmaya bilər. Onların qənaətincə, qiymətlər yenidən 20 ABŞ dollarına, yaxud hətta daha aşağı səviyyələrə düşə bilər.
“Nəticədə hasilatı birgə azaltmaq səyləri müqabilində tələbatın çökməsi sadəcə ifrat dərəcədə böyükdür”, – deyə “Goldman Sachs”ın açıqlamasında qeyd olunur.
Xatırladaq ki, OPEC+ çərçivəsindəki hasilatı azaltmaq razılaşmasının müddəti mart ayında başa çatdı. Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı ziddiyyətlər üzündən razılaşmanın müddətini uzatmaq mümkün olmadıqda OPEC ölkələri hasilatı kəskin artırdılar. Eyni zamanda koronavirus pandemiyası ucbatından da tələbatın xeyli azalması ilə neftin qiyməti son 20 ildə ilk dəfə olaraq 22 barelədək azaldı.