8 C
Baku
Friday, December 13, 2024

Neft və qızılın qiymətlərinə kəskin təsir edən amillər və incə siyasət

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert


NEFT VƏ QIZIL bu həftə kəskin qiymət dəyişiklikləri (volatillik) göstərdi. Bir bareli 87.48 dollar səviyyəsinə qədər bahalaşan Brent markalı neftin qiyməti həftənin son 2 günündə 79.60 səviyyələrinə qədər gerilədi. Bir unsiyası (bir unsiya qızıl = 31.1 qram) 1 960 dollara yaxınlaşan qızılın qiyməti isə həftənin son 2 günündə (02-03 fevral) 1 865 dollara endi. Qeyd olunan 2 gün ərzində təkcə həmin 2 əmtəənin qiymətləri kəskin endi, yoxsa dollar ciddi dəyər qazandı? Dolların digər valyuta və əmtəələrə nisbətdə də dəyər qazandığını gördük. Deməli dollar ciddi şəkildə bahalaşdı. Səbəblər nədir və bu nələrin göstəricisidir? Sonrakı dövrlərdə nələrə işarə edir? 

Qısa, maliyyə bazarlarının texniki dərinliklərinə enmədən, sadə dillə vəziyyəti dəyərləndirməyə çalışacağam. Bu yazıda həm də məşğulluğun, işsizlik həddinin iqtisadiyyatda və iqtisadi qərarların qəbul olunmasında oynadığı həlledici rolu bir daha kəşf etmiş olacağıq, yuxarı və aşağı işsizlik göstəricilərinin iqtisadiyyata təsirlərinə toxunacağam.

Dünya bazarlarında ucuzlaşmağa başlayan (26.09.2022-ci il tarixdə 114-ə çatan dollar indeksi 01.02.2023-cü il tarixdə 101.09 səviyyəsinə qədər ensə də, 02 və 03 yanvar tarixlərində dəyər qazanaraq həftənin son ticarət günündə (03.02.2023) 102.92-yə qədər yüksəldi. Dolların son 2 gündə kəskin bahalaşmasının əsas səbəbi ABŞ-da dərc olunmuş işsizlik səviyyəsi göstəriciləri oldu. İşsizlik gözlənilən 3.5%-ə deyil, hətta 3.4%-ə endi. Bu göstərici bazara siqnal verdi ki, ABŞ-ın Mərkəzi Bankı olan FED-in faiz artımlarını davam etdirmə ehtimalları yüksəldi. Xatırladım ki, 31 yanvar-01 fevral iclaslarından sonra FED faiz dərəcələrini 25 faiz bəndi (0.25%) artıraraq 4.5%-4.75% faizə çatdırdı.

Faizlərin artırılmasının əsas məqsədi ABŞ-da mövcud olan (dekabr 2022) 6.45%-lik illik inflyasiya dərəcəsinin hədəflənən 2% həddinə endirilməsidir. FED 2022-ci ildə həyata keçirdiyi faiz artımları ilə əslində inflyasiyanı zəiflətmək istiqamətində müəyyən müvəffəqiyyət qazanmışdır. 2022-ci ilin iyun ayında 9.1%-ə qədər yüksələn illik (son 12 ay) inflyasiya göstəricisi dekabr ayında illik (son 12 ay) 6.45% səviyyəsinə qədər endi. Bu müsbət tendensiya belə bir fikir yaratdı ki, FED 2023-cü ildə faiz artımlarını zəiflədəcək (həqiqətən də 2023-cü ilin ilk faiz artımı öncəkilər kimi 75 (0.75%) və ya 50 (0.5%) faiz bəndləri deyil, cəmi 25 faiz (0.25%) bəndi oldu) və hətta 2023-cü ilin sonuna faiz endirimləri proqnozlaşdırılırdı. FED-in 2022-ci ildə kəskin faiz artımlarına getməyə və əl-qolunu açmağa imkan verən əsas amil işsizlik göstəricisi idi. İşsizliyin aşağı səviyyədə olması FED-ə manenr imkanları verir. Çünki, faiz artımları əslində iqtisadiyyatı boğulmasına, biznes mühitinin daralmasına səbəb olur. FED isə əksinə, 2022-ci ilin ortalarında 3.7%-lik işsizlik həddinin 4.1%-ə qədər artmasını gözlədiyini və bu həddə qədər dözümlülük nümayiş etdirəcəyinin mesajını vermişdi. Təkcə FED deyil, həm də ABŞ-ın biznes mühiti, iqtisadçılar 3.5% və daha aşağı işsizlik həddinin əmək bazarında işəgötürənlər üçün gərginlik yaratdığını, biznesin genişlənməsinə mane olduğu və inflyasiyanın güclənməsinə səbəb olan amil olduğu ilə bağlı həmfikirdirlər. 3% və aşağı işsizlik həddinin isə qeyd etdiyim amilləri daha da sürətləndirəcəyi ehtimalı yüksəkdir. Bu iqtisadiyyatda kəskin qızma və ardınca da kəskin çöküş siqnallarını proqnozlaşdırmağa əsas verir.

Xatırladım ki, FED-in bir neçə əsas vəzifəsi (bank sisteminə nəzarət, maliyyə stabilliyi və sair) var. Mövzumuza aid olan 2 əsas vəzifəsi tam məşğulluq və qiymət stabilliyinə nail olmaq üçün pul-kredit siyasətinin həyata keçirilməsidir. Yəni: 1) İnflyasiyanı öncədən müəyyən olunmuş hədəf (2%) göstəricisində saxlamaq; 2) Tam məşğulluğa (tam məşğulluq dedikdə işsizlik həddinin 5% və daha aşağı həddi nəzərdə tutulur. Lakin, 3% və daha aşağı xətti də iqtisadiyyat üçün qırmızı xətt hesab edilir, zərərlidir. İdeal vəziyyət 4%-5% həddi hesab oluna bilər) nail olmaq və iqtisadiyyatın tam məşğulluq həddində qalmasına çalışmaq.

2022-ci il ərzində FED yürütdüyü monetar siyasətlə inflyasiya təzyiqini və göstəricilərini azaltmağa nail oldu, iqtisadiyyat isə tam məşğulluq həddindədir. Lakin, bu məşğulluq həddi çox yüksək olduğundan (yəni işsizlik səviyyəsi aşağı hesab edilən 3.5% ətrafında olduğundan) iqtisadiyyat üçün təhlükəli vəziyyət yaratmağa başladı. Haşiyə: yuxarı işsizlik səviyyəsi insanların iş tapmaqda çətinlik çəkməsi, iqtisadiyyatda durğunluq, rifahın aşağı olması, istehlakın, nəticədə istehsalın zəifləməsi, ən əsası isə dövlət büdcəsinə ciddi təzyiqin formalaşmasına səbəb olur. Çünki vergi və digər büdcə daxilolmaları azalır, işsiz əhaliyə müxtəlif sosial yardım və müavinətlərin verilməsi məcburiyyəti yaranır. Aşağı işsizlik səviyyəsində isə işəgötürənlər işçi tapmaqda çətinlik çəkirlər, biznesin genişlənməsi və investisiyaların artımı zəifləyir, bahalı işçi qüvvəsi biznesin ölkədən getməsinə səbəb olur, iqtisadiyyatda istehlak, nəticədə inflyasiya artır, qızma baş verir və bu isə soyutma tədbirləri görülmədikdə iqtisadi çöküşlə nəticələnə bilir. Məşğulluğun iqtisadiyyatda və iqtisadi böyümədə rolu, əsas fəlsəfəsi, müxtəlif ölkələrdə həll yolları, məşğulluğun ayrı-ayrı sahələrdə multiplikativ effekti, şəhər və kəndlərdə məşğulluğun fərqləri və sair məsələlərlə bağlı silsilə yazı və çıxışlar planlaşdırdığım üçün bu məsələyə burada daha çox yer ayırmadan mövzuya davam etmək məqsədəuyğun olar.

Bir önəmli nüansı da xatırladım ki, inflyasiya da işsizlik kimidir. Aşağı həddi də zərərlidir, yuxarı həddi də (qan təzyiqinə bənzəyir). Məsələn, ABŞ 2%-dən aşağı inflyasiya həddini də zərərli və təhlükəli hesab edir və 2019-cu ildə inflyasiya həddi 1.8% olduqda (faiz həddi 0-0.25% ətrafında olduğu üçün daha çox faiz endirimi, yəni mənfi faiz dərəcələri mümkünsüz qəbul olunduğu üçün alternativ vasitələrdən istifadə edilərək) inflyasiyanı artırmaq üçün digər tədbirlər görülürdü.

FED bir tərəfdən faizləri artırır ki, inflyasiyanı 2%-lik həddə qədər endirsin, lakin iqtisadiyyat böyüməkdə davam edir. Faizlər artır, lakin işsizlik səviyyəsi aşağı enir. Burada əsas səbəb budur ki, ABŞ-da hazırda da iqtisadiyyatın genişlənməsi, yeni yaranan iş yerlərinin sayı əmək bazarına daxil olanların sayından daha çoxdur. Əslində həmişə belə olub. ABŞ bu problemi hər il həyata keçirtdiyi miqrasiya proqramları ilə həll edib. İndi isə ABŞ hökuməti israrla kütləvi miqrasiyanı azaltdığının, əksinə hədəfli miqrasiya (beyin cəlbi) siyasətinə üstünlük verdiyinin siqnalını verməkdədir. Burada incə nüans budur ki, əvvəla beyin cəlbinin tempi iqtisadi genişlənmənin tempindən aşağıdır. İkincisi, iqtisadiyyatın bir sıra sahələrinə (məsələn, genişlənən kənd təsərrüfatı sahəsi) işçilər lazımdır. FED 1 fevralda cəmi 25 faiz bəndi (0.25%) artım həyata keçirərkən ertəsi gün açıqlayacağı işsizlik rəqəmlərini şübhəsiz ki, bilirdi. Bu rəqəmlərin isə faiz artımları gözləntilərini artıracağını, bazarları çalxalayacağını da bilirdi. Bir çoxları burada son addımların milyardlarla dollar qazanc əldə edilməsi məqsədilə bilərəkdən edildiyini düşünə bilər. Amma sistemin təhlükə hiss etdiyi bir zamanda qazanc deyil, sistemin qorunması düşünülür. FED burada hökumətə mesaj verdi ki, işsizlik həddini artırmaq üçün faiz artımı kifayət etmir, immiqrasiya siyasətinizə yenidən baxın.

Onu da qeyd edim ki, qlobal iqtisadiyyat üçün FED-in uçot faiz dərəcəsinin 5%-5.5% aralığında qalması durğunluğun artması, 5.5%-6% aralığı kəskin resesiyalar üçün xəbərdarlıq həddi, 6% və daha yuxarı həddi isə qırmızı işıq və ya qaçılmaz durğunluq, böhranların siqnalları deməkdir. Qısası, qlobal iqtisadiyyat FED-in 6% və daha yuxarı uçot faiz dərəcələrinə maksimum bir neçə ay davam gətirə bilər. 6% uçot faiz dərəcəsi dünya birjalarında dolların minimum 8-10% həddində olması deməkdir. Bu qlobal iqtisadiyyat və borclu ölkələr üçün fəlakət deməkdir. Hazırda da xarici borcu olan ölkələrin büdcələrinin önəmli hissəsi xarici borcların faizlərinin ödənməsinə xərclənir (önəmli xatırlatma: ölkəmiz hələ faiz artımları başlamadan öncə xarici borcları azaltmaq siyasətinə başlamışdı).

Yaranan mürəkkəb vəziyyət və dilemmanı daha çox açmaq uzun bir yazı ilə nəticələnər. Burada fikirlərimi bir neçə cümlə ilə tamamlamağa çalışacam.

Əvvəlki çıxış və yazılarımda qeyd etdiyim ki, dünya iqtisadiyyatı əslində 2021-2022-ci illərdə resesiyada oldu və birinci mərhələni keçdi. Burada yürüdülən siyasət bu oldu ki, resesiyanı rəqəmlərlə (reallıqdan daha aşağı inflyasiya göstəriciləri elan etməklə) gizlətmək, maliyyə bazarlarında ajiotaj və panika yaratmamaqla vəziyyətdən çıxmaq. Müəyyən dərəcədə nail olundu. İkinci mərhələ. ABŞ iqtisadi çağırış və problemlərin həllində əsas güc mərkəzlərindən (Yaponiya istisnadır və orada problem başqa istiqamətlidir) 1-2 addım öndədir. Manevr imkanları daralsa da, hələ də iqtisadiyyat digər manever imkanlarını saxlayır (immiqrasiya proqramları elan etmək və genişlətməklə işsizlik həddini artıra bilər və sair) və hələlik bir çoxundan tam istifadə etmir.

ABŞ sanki gözləmə mövqeyindədir. Öz iqtisadiyyatında bir çox çağırışları həll edərək, iqtisadiyyatını gücləndirərək, faizləri yüksək həddə saxlamaq, digər manevr imkanlarını ehtiyatda gözlətməklə növbəti mərhələdə siyasi məsələlərə fokuslanacağının, siyasi hədəflərdə maneə olduqda öz iqtisadi güc və (hətta xaos, qlobal böhran yaratma) imkanlarından istifadə edə biləcəyinin sətirlərarası siqnallarını verməkdədir. ABŞ-ın tədricən siyasi məsələlərlə daha aktiv məşğul olmağa başlayacağı ehtimalları artır.

Mövcud vəziyyət qlobal iqtisadi və siyasi arenalarda gərginlik və təhlükəni saxlayır. Dünyanın önəmli güc mərkəzləri arasında fikir ayrılıqları qalmaqdadır. Yeni Düzəndə meydana çıxan (fikir ayrılıqları və maraqlar toqquşmasına səbəb olan bir çox məqamlar görünməkdədir) çağırış və problemlərin həll yollarına baxış bucaqları fərqlənir. Bu səbəblərdən açıqlama və fikirlərdə təzadlar mövcuddur. Bu təzadlar həm də reallığı və planları gizli saxlamaq və fikirləri yayındırmaq vəzifəsini daşıyır.

Elman Sadıqovun digər məqalələri.

 

Son xəbərlər
Digər xəbərlər