Neft xəbərlərinin bahalaşması fonunda rubl bahalaşıb

ABŞ dollarının məzənnəsi Rusiyada neft ixracatçılarının valyuta satışlarını artıracağı gözləntiləri fonunda ucuzlaşır.

Banker.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, sentyabrın 10-da birjadankənar bazarda dollar 83,94 rubla qədər geriləyib. Bu, avqustun 26-dan bəri ən aşağı göstəricidir. Son altı gündə dollar 3 rubldan çox ucuzlaşıb.

Rublun möhkəmlənməsinin əsas səbəblərindən biri neft qiymətlərinin kəskin artmasıdır. Brent neftinin qiyməti mayın əvvəlindən bəri ilk dəfə 105 dollar/bareli keçib. Neft həftənin əvvəlindən 9%, avqustun əvvəlindən isə təxminən 23% bahalaşıb. WTI markalı neft də 100 dollar/bareli keçib. Rusiya nefti Uralsın qiyməti isə sentyabrın ilk həftəsində 80 dollar/bareli ötüb.

Qzəetə müsahibə verən analitiklər hesab edirlər ki, yüksək neft qiymətləri yaxın aylarda ixracatçıların valyuta gəlirlərini artıracaq. “Gazprombank”ın baş iqtisadçısı Pavel Biryukovun sözlərinə görə, neftin ixrac qiyməti ilə vəsaitlərin valyuta bazarına daxil olması arasında 1,5–2 aylıq gecikmə var. Bu səbəbdən noyabrın ortalarına yaxın rublun əlavə dəstək alması mümkündür.

Valyutaya tələbin azalması da rublu dəstəkləyir. Əhalinin valyuta alışları məzuniyyət mövsümünün başa çatması ilə zəifləyib, idxalın da mövsümi artımdan sonra azaldığı ehtimal olunur.

Bundan əlavə, Rusiya və ABŞ arasında danışıqların intensivləşməsi geosiyasi risklərin azalacağı gözləntilərini gücləndirib. Analitiklər bu amilin də rublun möhkəmlənməsinə şərait yaratdığını bildirirlər. Onlar dolların 81 rubla qədər ucuzlaşmasını istisna etmirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər