10 C
Baku
Tuesday, November 26, 2024

Neftin bahalaşması valyuta bazarında “bolluq” yaradıb – Mərkəzi Bankın pul icmalı

Azərbaycanda valyuta bazarı və manatın məzənnəsi 2022-ci ilin I rübündə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalına istinadən xəbər verir.

Qeyd edilir ki, rüb ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir etmişdir ki, bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləmişdir.

Azərbaycanda valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın müxtəlif seqmentlərində əsasən artım istiqamətində dəyişib. I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 25.8% artaraq 7.4 mlrd. ABŞ dolları ekvivalentində (ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla) olmuşdur.

Nağdsız valyuta əməliyyatlarının 86.9%-i ABŞ dollarında, 13.1%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 30.1%-i banklararası valyuta bazarında (BVB), 69.9%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir. Rüb ərzində BVB-də əməliyyatların 99.6%-i ABŞ dollarında aparılmışdır.

BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır. BDVB-də valyuta əməliyyatlarının həcmi 5.2 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 81.2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin I rübünə nəzərən 12.5% artaraq 1.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 89.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması şəraitində ümumi iqtisadi aktivliyin artması ilə nağd xarici valyutanın xalis satışı ötən ilin müvafiq dövrünə nəzərən 66.2% artmışdır.

AMB-NİN BAZARA MÜDAXİLƏSİ ALIŞYÖNLÜ OLUB

Rüb ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta vəsaitlərinin satışları üzrə hərracların təşkili davam etdirilmişdir. I rübdə Mərkəzi Bankda ümumilikdə 23 valyuta hərracı keçirilmişdir. Neftin dünya bazarında qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərmişdir. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş132.9 mln. ABŞ dolları təşkil etmişdir. Rüb ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. I rübdə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6979 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil etmişdir.

Rüb ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, İngiltərə funtsterlinqinə, Qazax tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı bahalaşmış, Çin yuanı və Cənubi Koreya vonuna qarşı ucuzlaşmışdır. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, rüb ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 13.2%, real effektiv məzənnəsi isə 8.7% bahalaşmışdır. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir etmişdir.

Son xəbərlər
Digər xəbərlər