Neft qiymətləri son sutkalardakı kəskin enişi davam etdirərək Brent üçün 100 dolların altında qalıb. Bazarın əsas diqqəti ABŞ–İran müharibəsinin diplomatik yolla yumşalması ehtimalına və Səudiyyə Ərəbistanından təklifin bərpasına yönəlib.
Banker.az xəbər verir ki, bu gün Brent fyuçersləri 0,07% azalaraq 99,18 dollar/barel, WTI isə 0,39% geriləyərək 90,17 dollar/barel olub. Qiymətlər Səudiyyə Ərəbistanının xam nefti Qırmızı dəniz sahilinə daşıyan Şərq–Qərb kəməri ilə tədarükü bərpa etməyə başlaması fonunda aşağı təzyiq altında qalıb.
“Bloomberg” isə Asiya sessiyasının əvvəlində noyabr WTI fyuçerslərinin 90 dollardan da aşağı düşərək 89,89 dollara qədər gerilədiyini bildirib. ABŞ markalı neft əvvəlki beş sessiyada 10%-dən çox ucuzlaşıb. Brent isə çərşənbə axşamı 99 dolların bir qədər üzərində bağlanıb. Agentlik enişi ABŞ rəsmilərinin İran nümayəndələri ilə danışıqlarda irəliləyiş barədə açıqlamaları və yeni görüşlərin planlaşdırılması ilə əlaqələndirib.
Qiymətlərə ikinci əsas təzyiq Səudiyyə Ərəbistanından gəlir. Krallıq hücumlar nəticəsində zədələnmiş və gündə 7 milyon barelə qədər neft daşımaq gücünə malik Şərq–Qərb kəməri üzrə daşımaları mərhələli şəkildə bərpa edir. “Reuters”ə görə, kəmərdə nasosun məhdud həcmdə yenidən başlaması və Yanbu limanından ixracın bərpası bazarın təkliflə bağlı narahatlığını zəiflədib.
“Wall Street Journal” da qiymətlərin əsas təzyiq mənbəyi kimi ABŞ–İran diplomatiyasına dair gözləntiləri və Səudiyyənin ixrac imkanlarının yaxşılaşmasını göstərir. Nəşr həmçinin Hörmüz boğazında enerji daşımalarının son həftələrdə artdığını və Səudiyyənin bu marşrut üzrə ixracının yüksəldiyini qeyd edir.
Bununla belə, risk tam aradan qalxmayıb. Şərq–Qərb kəmərinin tam gücünün bərpasının həftələr çəkə biləcəyi bildirilir, Hörmüz və Qırmızı dəniz marşrutları isə hərbi eskalasiyaya həssas qalır. Buna görə bazarda hazırkı qiymət enişi əsasən faktiki sülhdən deyil, təklifin bərpası və diplomatiyada irəliləyiş gözləntilərindən qaynaqlanır.







