11 C
Baku
Tuesday, April 15, 2025

“Neftin qiyməti düşsə də, Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”

Hazırkı geosiyasi və makroiqtisadi qeyri-müəyyənliklər fonunda enerji daşıyıcılarının qiymətlərində dalğalanmalar dünya iqtisadiyyatına təsir göstərməkdə davam edir. Neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün bu prosesin fiskal dayanıqlılıq və valyuta bazarına mümkün təsirləri aktual suallardan biridir.

Mövzu ilə bağlı sualları cavablandıran iqtisadçı-professor Elşad Məmmədov neftin qiymətində baş verə biləcək enişlərin milli iqtisadiyyata, o cümlədən manatın məzənnəsinə təsir mexanizmlərini izah edib, Azərbaycanın mövcud risklərə qarşı hansı maliyyə və institusional imkanlara malik olduğunu dəyərləndirib.

– Hazırkı geosiyasi və makroiqtisadi şəraitdə neft qiymətlərinin enməsi ölkə iqtisadiyyatında fiskal dayanıqlılığa və valyuta bazarındakı sabitliyə necə təsir göstərə bilər?

– Azərbaycanda makroiqtisadi dayanıqlıqda neft amili həlledici rol oynayır – bu, həm dövlət büdcəsinin gəlirləri, həm də ixracdan daxil olan valyuta axınları baxımından belədir. Bu səbəbdən neft qiymətlərinin enməsi, xüsusilə də kəskin və uzunmüddətli ucuzlaşma ssenariləri iqtisadi sabitliyə müəyyən təzyiqlər yarada bilər. Məhz bu riskləri nəzərə alaraq Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı, yerli istehsalın artırılması və idxalın əvəzlənməsi istiqamətində konkret tapşırıqlar verib.

Fikrimcə, dayanıqlı iqtisadi model qurmaq üçün yerli məhsul istehsalına investisiyaların artırılması əsas prioritetlərdəndir. Bu həm idxaldan asılılığı azaldacaq, həm də ixrac strukturunun şaxələndirilməsinə şərait yaradır.

Hazırda beynəlxalq bazarlarda müşahidə olunan qeyri-müəyyənliklər fonunda neft qiymətlərində dalğalanmalar baş verir və neft gəlirlərindən müəyyən dərəcədə asılı ölkə kimi bu bizi diqqətli olmağa vadar edir. Bununla belə, Azərbaycanın həm institusional idarəçilik təcrübəsi, həm də iri həcmli maliyyə ehtiyatları mövcuddur ki, bu da riskləri neytrallaşdırmaq imkanlarını artırır.

Hazırkı mərhələdə neftin qiymətinin ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında kəsir yaratmaq səviyyəsinə düşməsi ehtimalı azdır. Müvafiq ekspert hesablamalarına görə, bu hədd (neftin qiyməti) 45 ABŞ dolları civarındadır. Halbuki, hazırda neftin qiyməti 65 ABŞ dolları səviyyəsindədir və 2025-2026-cı illərdə orta hesabla 70 ABŞ dolları ətrafında qalacağı proqnozlaşdırılır. Bundan əlavə, son illər təbii qazın ixracda çəkisi artıb – 2024-cü ildə bu rəqəm 26,7 %-ə çatıb. Qazın qiymətinin 2025-2026-cı illərdə ən pessimist halda belə 220–230 ABŞ dolları ətrafında olacağı gözlənilir.

Digər vacib məqam – neft gəlirləri birbaşa büdcəyə yox, Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yönəlir və oradan dövlət büdcəsinə transfertlər vasitəsilə istifadə olunur. Bu transfertlərin həcmi neftin cari qiymətlərindən asılı olaraq dərhal dəyişmir. 2025-ci il üzrə ARDNF-dən büdcəyə transfertlər 8,5 milyard ABŞ dolları həcmində nəzərdə tutulub. Buna görə də dövlət büdcəsinin icrasında hər hansı ciddi problem gözlənilmir. Müşahidələr göstərir ki, bu il valyuta bazarındakı təklif də tələbi ödəmək üçün kifayət qədərdir.

Onu da qeyd edək ki, əgər pessimist ssenarilər reallaşarsa, ölkədə mövcud olan makroiqtisadi siyasət alətləri vasitəsilə adekvat müdaxilə imkanları mövcuddur. Mərkəzi Bankın pul siyasətinin ötürücülüyünün artması və arsenalındakı alətlərin effektivliyi də son illərdə gücləndirilib. Zərurət yaranacağı təqdirdə, bu alətlər vasitəsilə iqtisadi proseslərə çevik və məqsədyönlü müdaxilə edilə bilər.

– Neftin qiyməti kəskin aşağı düşərsə, manatın məzənnəsinə təzyiq ola bilərmi?

– Məlumdur ki, enerji daşıyıcılarının qiymət dəyişkənliyi valyuta bazarına birbaşa yox, dolayı yolla – tədiyə balansı və valyuta təklifi vasitəsilə təsir edir. Hazırda bazarda neftin qiyməti, ABŞ Enerji İnformasiya Administrasiyasının son proqnozlarına görə, 2025-ci ildə orta hesabla 68 ABŞ dolları, 2026-cı ildə isə 61 ABŞ dolları civarında olacaq. Halbuki, müvafiq hesablamalara görə, tədiyə balansının tarazlaşması üçün tələb olunan “zərərsizlik qiyməti” 40-45 ABŞ dolları intervalındadır. Bu isə o deməkdir ki, neftin qiymətində baş verən enişlər ortamüddətli dövrdə valyuta bazarına ciddi risk yaratmır.

Eyni zamanda, depozitlərin dollarlaşma səviyyəsi hazırda 30–35 % civarındadır ki, bu da əvvəlki illərlə müqayisədə daha sabit səviyyə hesab olunur. Mərkəzi Bank və hökumətin koordinasiyalı siyasəti sayəsində bu təzyiqlərin təsiri minimuma endirilib.

Bununla belə, Azərbaycanın kifayət qədər güclü maliyyə buferləri – yəni “təhlükəsizlik yastığı” mövcuddur. Bu səbəbdən, neftin qiymətində baş verən qısa müddətli enişlər valyuta məzənnəsinə ciddi təsir göstərməyəcək. Ölkənin strateji valyuta ehtiyatları ötən ilin sonuna 71 milyard ABŞ dollarına çatıb ki, bu da təxminən ÜDM həcmindədir və 30 aydan çox mal və xidmət idxalını qarşılamaq imkanına malikdir. Onu da qeyd edim ki, Azərbaycan ÜDM qədər valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər