Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyə başladı. Qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması və eləcə də Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barel azaltması ilə bağlı açıqlaması göstərilir.
Eyni zamanda, Liviya və Nigeriya oktyabrda neft hasilatının əvvəlki səviyyəsi bərpa olunmaqdadır və İraq neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 11:34 radələrində ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 68 sent, yəni, 1,09% azalaraq 61,53$-a təklif olunub.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, neftin dünya bazar qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın illər üçün enerji bazarında mövcud şərtlər daxilində ciddi artım gözlənilmir. O, qiymət artımlarını gözləməyi sadəlövlük sayır.
“Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər.” – deyə Bayramov bildirir.