İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin “İsrail hakimiyyəti ölkədə müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatından imtina etməlidir” məsləhətini qəti şəkildə rədd edib.
Netanyahu bu barədə tvitterdə yazıb.
Onun sözlərinə görə, İsrail xaricdən, o cümlədən ən yaxşı dostlarından gələn təzyiqlərə əsaslanaraq deyil, öz xalqının iradəsi əsasında qərarlar verən suveren ölkədir.
Netanyahu vurğulayıb ki, o, Baydenlə şəxsi münasibətləri, ABŞ və İsrail arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirir, lakin onun hökuməti lazım bildiyi islahatları ölkə daxilində davam etdirmək niyyətindədir.
“Mən prezident Baydeni 40 ildən artıqdır ki, tanıyıram və onun İsrailə uzunmüddətli sadiqliyini yüksək qiymətləndirirəm. İsrail və ABŞ arasındakı müttəfiqlik sarsılmazdır və hər zaman aramızda yaranan fikir ayrılıqları aradan qaldırılır. Mənim administrasiyam hökumətin üç qolu arasında həqiqi tarazlığı bərpa etməklə demokratiyanın möhkəmləndirilməsinə sadiqdir və buna geniş konsensus vasitəsilə nail olmaq istəyirik”.
Qeyd edək ki, Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında İsraildə məhkəmə islahatlarına qarşı çıxış edərək Netanyahunun bu layihədən imtina edəcəyinə ümid etdiyini bildirib.