İsrailin Baş naziri Benjamin Netanyahu bəyan edib ki, ölkənin İrana, “Həmas” və “Hizbullah” hərəkatlarına qarşı apardığı müharibələr başa çatmayıb. Onun sözlərinə görə, İsrail indi hər zamankından daha güclüdür və bu cəbhələrdə mühüm uğurlar əldə edib.
“Bu, heç vaxt bitməyəcək. Əgər Yaxın Şərqdə və ümumiyyətlə dünyada yaşamaq istəyirsinizsə, çox güclü olmalısınız”, – Netanyahu bildirib.
İsrailin Baş naziri qeyd edib ki, ölkənin silahlı qüvvələri rəqiblərini əhəmiyyətli dərəcədə zəiflədib. “Biz İran oxunun qalıqlarını zərərsizləşdirməli və sülh sazişlərinin bağlanması üçün yaranan imkanlardan istifadə etməliyik”, – o əlavə edib.
İyunun 26-da İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə münaqişənin mərhələli şəkildə nizamlanmasına dair çərçivə sazişi imzalayıblar. Sənəd İsrail qoşunlarının Livan ərazisindən qismən çıxarılmasını, həmçinin “Hizbullah” da daxil olmaqla silahlı qruplaşmaların tərksilah edilməsini nəzərdə tutur.
“Hizbullah”ın lideri Naim Kasem sənədi alçaldıcı və ölkənin suverenliyindən imtina kimi qiymətləndirib. Sənədin imzalanmasından 24 saat keçməmiş İsrail Livanın cənubuna zərbə endirib.






