“Netflix”in kotirovkaları rüblük hesabat dərc olunandan sonra 9,14% ucuzlaşaraq 479,20 səviyyəsinə düşüb. Banker.az xəbər verir ki, bu məlumat Amerikanın NASTAQ birjasındakı göstəricilərlə təsdiqlənir.
Qeyd edildiyi kimi, “Netflix” hər bir səhm üçün 1,59 dollar qazanc əldə etdiyini açıqlayıb ki, bu da analitiklərin gözləntilərindən az olub. Verilən məlumata görə, şirkətin ümumi gəliri 6,15 milyard dollar təşkil edib.
Bununla yanaşı, “Netflix” abunəçi bazasının artması baxımından bütün gözləntiləri aşıb: Covid-19 pandemiyası ilə əlaqədar olaraq xidmət 10,09 milyon yeni abunəçi cəlb edib.
Səhmlərin ucuzlaşmasının digər səbəblərindən biri isə “Netflix”in üçüncü rüb üçün hazırladığı proqnoz olub. Şirkət 6,33 milyard dollar gəlir və 954 milyon dollar xalis mənfəət əldə edəcəyini gözləyir. Bunun üçün bir səhmin qiyməti 2,09 dollar, abunəçi sayı isə 2,5 milyon nəfər çox olmalıdır.
“Gözləndiyi kimi, abunəçi sayının artımı ləngiyir, çünki istifadəçilər Covid-19 və digər sosial məhdudiyyətlərdən irəli gələn şok vəziyyətdən çıxırlar”, – deyə “Netflix”in səhmdarlara göndərdiyi məktubda deyilir.
Ümumilikdə 2020-ci ildə “Netflix”in səhmləri 64% artıb, iyulun 13-də isə rekord 575,37 dollar səviyyəsinə çatıb.