24 C
Baku
Friday, April 26, 2024

NFT nədir?

Son zamanlar cəmiyyətdə rəqəmsal texnologiyalar üzrə ən çox müzakirə edilən mövzular – kriptovalyutalar, metaverse və NFT-dir. Xüsusilə, NFT üzrə ana dilimizdə məlumatın az olduğunu nəzərə alaraq, bu mövzuda kiçik bir araşdırma edərək maksimum faydalı olması üçün lakonik formada izah etməyə çalışdım. Başlayaq!

NFT, ingiliscə “non-fungible token” sözünün abbreviaturasıdır və rəqəmsal aktivin xüsusi növüdür. Mənası, əvəz edilməyən və ya unikal token deməkdir. NFT – müxtəlif rəqəmsal obyektlərin (məs: mətn, şəkil, audio-video yazılar, rəqəmsal sənət əsərləri, oyun elementləri və ya simvollar, domen adları, personajlar, klub kartları və s) mülkiyyət hüquqlarını təmsil edən tokendir. Hər bir NFT unikaldır və kopyalamaq və ya dəyişdiriliməsi mümkün deyil. Çünki hər bir NFT üzrə smart müqavilədə qeyd edilən öz identifikasiya məlumatları var və bu məlumat hər NFT-ni digərindən fərqləndirir.

NFT-lərin əsas istifadə istiqamətləri:

  1. Oyunlar və Metaverse. Blokçeyn oyunları getdikcə populyarlaşır, çünki onlar oyunçulara əlavə gəlir əldə etmək imkanı verir (mexanizm Play-to-Earnadlanır).
  2. Rəqəmsal sənət. Blokçeyn üzərində mülkiyyət sübutu ilə rəsm, animasiya, video, musiqi və digər yaradıcı məzmunların satışı. NFT-lər həm də təkrar bazarda sonrakı satışlar üzrə müəllifə əlavə gəlirləri nəzərdə tutur.
  3. Sertifikatlaşdırma xidmətləri. NFT-dən istifadə edərək fiziki malların keyfiyyətinin və orijinallığının təsdiqi sahəsində tədqiqatlar aparılır.

NFT yeganə aktiv növüdür ki, öz sahibinə müəllif hüquqlarının təmin edilməsinə və bundan sonra daha çox qazanmasına imkan yaradır. Bunu sadə misal üzərində izah edim. Bir rəssam düşünün ki, öz əsərini hər hansı bir vasitəçidən aslı olmadan NFT yaratmaqla birbaşa istehlakçıya sata bilər. Bundan əlavə, NFT-nin daha bir unkal özəlliyi var ki, sənət əsəri satıldıqdan sonra və ya hər dəfə yenidən sahibini dəyişdiyi zaman özünün ilk sahibinə gəlir gətirməkdə davam edir. Bunun üçün NFT elə proqramlaşdırılır ki, NFT hər dəfə satılan zaman, həmin satışdan ilk sahibi faiz əldə edir. Adətən bu 2-10% təşkil edir. Bu unikal xüsusiyyətdir, çünki rəssamlar əsərlərini ilk dəfə satıldıqdan sonra ümumiyyətlə əsərin gələcək satışlarından gəlir əldə etmək imkanı olmur. NFT ilə satıldıqda və ya hər dəfə sahibi dəyişdirdikdə NFT sahibinə hər satışdan “cash back” gələcək.

NFT tokenlər xüsusi platformalarda ticarət olunur. Bunlardən ən məşhurları – OpenSea, Rarible, CryptoPunks, Mintable, SuperRare, Axie İnfinity, Decentraland  Solanart, Fundation, NBA Top Shot, Sorare, Nifty Gateway. Bu platformalarda istifadəçilər NFT-ni ala, sata, saxlaya və ya dəyişdirə bilərlər. Bir qayda olaraq, ticarət prosesi kriptovalyuta ilə həyata keçirilir. Çox vaxt bu ethereum (ETH), lakin bəzi platformalarda ödəniş bitcoin (BTC) və ya digər kriptovalyutalar, stabilkoinlər qəbul edilir. NFT-lər kriptovalyutalar kimi kripto-cüzdanda saxlanılır və onlarla əməliyyatlar aparıla bilər.

Bəs NFT şəklində nə alına və ya satıla bilər? Əslində, hər şey – musiqi, şəkil, mətn, video, 3D modellər – yəni unikal olduğunu iddia edən istənilən rəqəmsal məhsul. NFT-yə əsas maraq göstərənlər əsasən kolleksiyaçılar, oyun həvəskarları və sənətsevərlər olur. Qeyd edim ki, indiyə qədər satılmış ən bahalı NFT – Everydays: The First 5000 Days olub. Beeple təxəllüsü ilə tanınan amerikalı rəssam Mike Winkelmann-ın “Everydays: The First 5000 Days” adlı NFT-si 5000 şəkildən ibarət kollajdır. O, bu şəkilləri 13 il ərzində sosial şəbəkələrində yerləşdirib. Bu NFT “Christie’s” hərrac evi vasitəsilə ethereum ilə satılan ilk rəqəmsal sənət əsəri olub. NFT 2021-ci ilin mart ayında Metakovan təxəllüslü naməlum kripto-investor tərəfindən 69,3 milyon dollara alınıb.12123

Everydays: The First 5000 Days

NFT üzrə yaxın gələcəkdə inkişaf potensialı olan sektorlar:

  • Onlayn oyunlar və idman: kolleksiyaların tokenləşdirilməsi və buraxılması;
  • Real və rəqəmsal əşyaların tokenləşdirilməsi: zərgərlik, antikvar və digər eksklüziv mallar;
  • Mərkəzləşdirilməmiş Maliyyə (DeFi): mərkəzləşdirilməmiş kreditləri və ya DEX-də ticarəti təmin etmək üçün NFT-lərdən istifadə;
  • Dövlət xidmətləri: sənədlərin – pasportların, sürücülük vəsiqələrinin, arayışların, sertifikatların verilməsi üçün NFT-dən istifadə;
  • Müəllif hüquqlarını və mülkiyyət hüquqlarını qorumaq üçün sənət əsərlərinin və elmi işlərin mətnlərinin və şəkillərinin NFT şəklində saxlanılması.

NFT-lər əsasən ERC-721 və ERC-1155 standartları üzrə ethereum blokçeyinində yaradılır. İlk NFT kolleksiyaları CryptoPunks və CryptoKitties 2017-2018 illərdə yaradılıb. Hazırda Tron, Eos, Neo,VeChain, Waves və digər blokçeynlərdə də NFT yaratmaq imkanları var.

4444

NFT sənayesi ilkin inkişaf mərhələsində olsa da, gəlirlilik baxımından böyük potensialını nümayiş etdirib – bu həm böyük brendlərə, həm də adi müstəqil investorlara aiddir. Eyni zamanda, NTF bazarının yeni olması və qiymətlərin qeyri-sabitliyi ilə bağlı yüksək risklər qalmaqdadır. Buna baxmayaraq, hazırda NFT bazarı sürətlə genişlənməkdədir. Buna təsir edən əsas səbəblərdən biri son 2 il ərzində blokçeyn texnologiyası və əlaqəli infrastrukturların əhəmiyyətli inkişaf mərhələsinə keçməsidir. Bununla belə, bu gün hələ də bir çox suallar var ki, NFT bazarı hansı qaydalar əsasında fəaliyyət göstərəcək və ya hansı sahələrdə NFT texnologiyası daha uğurla tətbiq edilə bilər. Bunu zaman göstərəcək.

Müəllif:
Elnur Quliyev
Birgə İnvest, Layihələr üzrə baş menecer

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər