Yaponiyanın tanınmış avtomobil istehsalçısı “Nissan” şirkəti direktorlar şurasının sədri Karlos Qonun ötən ayın sonunda vəzifəsindən kənarlaşdırılmasından sonra yeni rəhbər axtarışlarına başlayıb.
Direktorlar şurasının noyabrda keçirilən iclasında şirkətin üç xarici direktorunun namizədlərini irəli sürməsi barədə qərar qəbul edilib.
“Nissan”nın tərəfdaşı olan “Renault” şirkətinin nümayəndəsinin də daxil olduğu şuranın sonradan həmin namizədləri müzakirə edəcəyi bildirilir. Banker.az bildirir ki, bunu Azərtac yazır.
Xatırladaq ki, “Renault” yapon şirkətinin səhmlərinin böyük bir qisminə sahibdir. Fransız şirkəti “Nissan” üçün yeni sədrin seçilməsində müvafiq hüquqa malik olduğunu bəyan edib. Buna əsas kimi iki şirkət arasında 19 il əvvəl “Nissan” ağır maliyyə böhranı ilə üzləşdiyi vaxt əldə edilən razılaşma göstərilir.
Fransız şirkəti bəyan edib ki, “Reanault”nun nümayəndəsi yapon şirkətində icraçı direktor və ya daha yuxarı vəzifə tutmalıdır.
Yapon şirkəti məsələ ilə əlaqədar direktorlar şurasının dekabrın 17-də keçiriləcək iclası zamanı qərar qəbul etmək niyyətindədir.