Azərbaycan oftalmologiyasının ən layiqli nümayəndələrindən biri Əməkdar elm xadimi, professor Sona xanım Vəlixan olmuşdur (1883-1982). O, Peterburq Tibb İnstitutunu 1908-ci ildə bitirmiş və Azərbaycanda ilk ali təhsilli qadınların arasında layiqli yer tutmuşdur.
1923-1939-cu illərdə S.İ.Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939-1971-ci illərdə isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur; 1946-1960-cı illərdə S.İ.Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur.
S.İ.Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunmuşdur. S.İ.Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk Azərbaycan qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə «Endoftalmitin patoloji anatomiyasına dair» məqaləsi ilə Nobel Komitəsinin diqqətinin özünə cəlb etməsi olmuşdur. Lakin təəssüflər olsun ki, İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb.
Bəybala Ələsgərov isə bu məqaləni Nobel komitəsinin arxivindən taparaq Azərbaycana gətirmişdir.
İ.Vəlixan ömrünün böyük hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr etmişdir; onun rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Prof. S.İ.Vəlixan kliniki işlə bərabər geniş konsultativ işi də aparırdı, elmi-pedaqoji, müalicə fəaliyyəti ilə yanaşı ictimai problemlərə də böyük məsuliyyətlə yanaşırdı. 1945-1950-ci illərdə o, Respublika Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.
Prof. S. İ. Vəlixan Əməkdar elm xadimi Fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.