13 C
Baku
Saturday, November 23, 2024

Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq.

Bu barədə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə çıxışında məlumat verib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.

Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Qeyd olunub ki, ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Statistik məlumatları təqdim edən şöbə müdiri bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.

Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən T.Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır.

O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub: “Bu il bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74 min nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər