2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 113 milyard 282.4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.1 faiz çox ümumi daxili məhsul istehsal olub.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Öncəki ayda illik iqtisadi artım 4.9 faiz olmuşdu. 2024-cü ildə ən bpyük artım dinamikası yanvar və fevralda 5 faiz, ən aşağə isə martda olub – 4.0 faiz.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.4 faiz, qeyri neft-qaz sektorunda isə 6.4 faiz artmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM 11 104.2 manata (6 532 ABŞ dolları) bərabər olmuşdur.
Bununla belə, hökumətin yayda verdiyi proqnozu üstələmiş görünür. 2024-cü ildə Azərbaycanda hökumət ÜDM istehsalının real artımı 3.8 % olmaqla nominal ifadədə 121.3 milyard manata çatacağı gözlənilir. Bu, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çoxdur.
“S&P Global Ratings” 2024-cü il üzrə real ümumdaxili məhsulun artım proqnozunu 2.5%-dən 4.5%-ə yüksəldib.
ÜDM istehsalının 37,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil etmişdir.