21 C
Baku
Wednesday, October 29, 2025

“Nvidia” $5 trilyon dəyərə çatan ilk şirkət olmağa doğru hərəkət edir

“Nvidia” tarixdə 5 trilyon dollarlıq bazar kapitallaşmasına çatan ilk şirkət olmağa yaxınlaşır. Bu, artıq bu gün baş verə bilər: şirkətin səhmləri çərşənbə axşamı ticarət zamanı təxminən 5% bahalaşıb və premarketdə əlavə 3,5% artmaqda davam edir. Artım ABŞ prezidenti Donald Trampın “Nvidia”nın “Blackwell” qrafik prosessorlarını Çin sədri Si Cinpin ilə müzakirə etməyi planlaşdırdığını açıqlamasından sonra güclənib. Qeyd edək ki, bu çiplərin Çinə tədarükü hələ də ixrac məhdudiyyətləri səbəbindən dayandırılıb.

Əlavə impuls isə “Nokia”, “Samsung Electronics” və “Hyundai Motor” kimi şirkətlərlə yeni çip təchizatı müqavilələrinin imzalanması olub.

Niyə bu vacibdir?

Cəmi dörd ay əvvəl “Nvidia” 4 trilyon dollarlıq həddi keçmişdi, daha sonra bu səviyyəyə “Apple” və “Microsoft” da çatmışdı. “Nvidia”nın yüksəlişi ABŞ fond bazarına süni intellektin güclü təsirini göstərir: 2022-ci ilin sonundan bəri şirkətin səhmləri 1275% bahalaşıb (o vaxt onun bazar dəyəri təxminən 360 milyard dollar olub). İndi “Nvidia” S&P 500 indeksinin 8,3%-ni təşkil edir.

Nə gözlənilir?

Analitiklər ümumilikdə “Nvidia”nın artım potensialına optimist yanaşır. “Bloomberg” tərəfindən izlənən 80 analitikdən 90%-i səhmlərə “almaq” reytinqi verib, yalnız biri — “Seaport Global Securities”dən Jay Goldberg “satmaq” tövsiyəsini verib. Orta hədəf qiymət 223,68 dollar səviyyəsindədir ki, bu da təxminən 11% əlavə artım potensialı deməkdir.

Bununla belə, bəzi ekspertlər ehtiyatlı yanaşır. “Fort Pitt Capital Group”un investisiya direktoru Den Ay hesab edir ki, yaxın illərdə “Nvidia” şirkəti “Advanced Micro Devices” (AMD) və “Broadcom” kimi rəqiblərə bazar payının bir hissəsini verə bilər.

Son xəbərlər
Digər xəbərlər