NVIDIA-nın səhm qiymətləri şirkətin rüblük maliyyə hesabatını açıqlamasından sonra kəskin yüksəlib. NASDAQ birjasının məlumatına görə, 19 noyabr postmarket sessiyasının sonunda kotirovkalar 5,08% artaraq 196 dollara yüksəlib. Çip istehsalçısının kapitallaşması 19 noyabr ticarət sessiyasının sonunda 4,53 trilyon dollar olub, yəni hesabatdan sonra şirkətin dəyəri təxminən 230 milyard dollar artıb.
“Bloomberg”in qeyd etdiyi kimi, NVIDIA-nın oktyabrda başa çatan üçüncü rüb üzrə nəticələri analitiklərin gözləntilərini üstələyib. Gəlir 62% artaraq 57 milyard dollara çatıb. Səhm başına düşən mənfəət 1,3 dollar təşkil edib.
NVIDIA yanvarda başa çatacaq növbəti rüb üzrə gəlirin təxminən 65 milyard dollar təşkil edəcəyini gözləyir ki, bu da analitiklərin proqnozundan təxminən 3 milyard dollar çoxdur. “Bloomberg” qeyd edir ki, bu proqnoz NVIDIA-nın süni intellekt sürətləndiricilərinə — Sİ modellərinin hazırlanması üçün istifadə olunan bahalı və güclü çiplərə — tələbatın yüksək olaraq qaldığını göstərir.
“Süni intellekt balonu haqqında çox danışırlar. Bizim baxışımıza görə isə tamamilə başqa bir mənzərə görürük”, — Reuters CEO Censen Huanqdan sitat gətirir.
Huanq bulud xidmətləri şirkətlərinin NVIDIA çiplərinə olan böyük marağını vurğulayıb. “Biz hər yerdə varıq. Hər şey sadəcə işləyir. Bu inanılmazdır”, – deyə o bildirib.
“Bloomberg” yazır ki, NVIDIA-nın mənfəəti treyderlərin gələcək Sİ xərclərini qiymətləndirməsi üçün mühüm rol oynayıb. Eyni zamanda, Melburndakı “Vantage Markets” analitiki Hebe Çen qeyd edir ki, NVIDIA-nın yaratdığı ümumi bazar “atlaması” tam risklərin aradan qaldırılması deyil, daha çox qısamüddətli rahatlama kimi görünür.
“Bazar indi rahat nəfəs alır, lakin bu ralli davam etdirilmək üçün hələ də ciddi maneələrlə üz-üzədir, çünki investorların süni intellektə olan tələbatın 2026-cı ildə eyni templə arta biləcəyinə dair daha güclü sübutlara ehtiyacı var”, — deyə Hebe Çen bildirib.






