Amerikanın qrafik prosessor istehsalçısı olan “Nvidia” Rusiyadakı bütün biznes əməliyyatlarını tamamilə dayandırdığını elan edib, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
“Amerikanın qrafik prosessor istehsalçısı Rusiyadakı bütün biznes əməliyyatlarını tamamilə dayandırdığını elan edib, bu haqda şirkətin üçüncü rübə dair hesabatında deyilir”, – mesajda göstərilir.
Məlumata görə, bu il Rusiyaya birbaşa satışlar “əhəmiyyətsiz” olub və şirkətin ümumi satışının təxminən 2%-i təşkil edib. Xatırladaq ki, martın 6-sında “Nvidia” Rusiyaya proqram təminatı üçün lisenziyaların satışını dayandırıb.
Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra bir çox xarici brend ölkəni tərk edib. Hesablamalara görə, indiyə kimi mindən çox şirkət Rusiya bazarından çıxıb. Onlar sırasında “Apple”, “Samsung”, “Asus”, “Sony” kimi texnologiya nəhəngləri yer alır.
Hal-hazırda xarici malların Rusiyaya tədarükü paralel idxal vasitəsilə həyata keçirilir.