9 C
Baku
Monday, November 18, 2024

Ölkə xaricinə pul köçürülməsi ilə bağlı yeni qayda “qara bazar”a necə təsir edəcək?

Ölkədən xaricə pul köçürülmələri hallarında bəzi insanlar vergidən və bank komissiyalarının ödənilməsindən yayınmaq məqsədi ilə fərqli üsullara əl atırdılar. Belə halları aradan qaldırmaq üçün bu cür “işbazlara” qarşı məsuliyyət sərtləşdirilib. Prezident İlham Əliyevin dekabrın 6-da təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanuna əsasən, Azərbaycandan xarici ölkəyə qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar 5 ilədək həbs ediləcəklər.

Bu qərara qədər Cinayət Məcəlləsində bu tip əməliyyatlar və sistemlərlə bağlı konkret maddə yox idi.

Q.Ağayev qeyd edib ki, qanunsuz yollarla bank fəaliyyəti xidmətləri göstərən, lisenziyadan kənar qanunsuz fəaliyyətlərlə məşğul olanlarla bağlı Cinayət Məcəlləsində dolayı maddələr olsa da, dövlətin yeni maddəni müəyyən etməsi, əməliyyatın xarakterini konkret bildirməsi bu əməlin təhlükəliliyini təsdiq edir.

Onun sözlərinə görə, bir çox ölkələrdə buna oxşar qadağalar var.

Q.Ağayev qanunvericilikdə edilən dəyişikliyin müəyyən adamların qurduğu sistemlə bağlı olduğunu qeyd edib.

Buna misal olaraq o, dünyada pul köçürmələrində istifadə olunan ”Hawala” sisteminə toxunub: “Burada siz xarici ölkədə olan tanışınıza pul köçürmək istəyirsinizsə, vəsaiti kiməsə verirsiniz, yəni pul fiziki olaraq köçürülmür, xaricdə yaşayan bir digər şəxs isə həmin vəsaiti sizin istədiyiniz adama təhvil verir və bu şəxslər komissiya qazanırlar.

Azərbaycanda bu əməliyyatla bağlı birbaşa Cinayət Məcəlləsində məhdudiyyət olmasa da, burada qanunsuz sahibkarlıq elementləri, sistemli şəkildə olan əməliyyat olduğu üçün məcəllənin qanunsuz sahibkarlıq maddəsinin altına düşür”.

Onun sözlərinə görə, bəzi adamlar pul köçürmələri ilə bağlı sistem yaratmışdılar: “Məsələn, siz Azərbaycandan ABŞ-a bir şəxsə məhdudiyyətsiz qaydada pul köçürmək istəyirsiniz, bu zaman burada müəyyən şəxslərə verdiyiniz məbləği ABŞ-da bu şəbəkənin digər iştirakçıları müəyyən qazanc müqabilində üçüncü tərəfə çatdırırlar. Bu əməliyyatların qarşısını almaq məqsədi ilə belə bir qərar verilib”.

Q.Ağayev vurğulayıb ki, bu tip pul köçürülmə sistemi Azərbaycanda konkret olaraq qadağan olunur: “Məcəllədəki yeni maddə dövlətin pul vəsaitlərinin dövriyyəsində istər ölkə daxilində, istərsə də transsərhəd əməliyyatlarda tam şəffaflaşdırılması məqsədini güdür. Həm bank sektorunun qorunması, həm də nağdsız dövriyyənin inkişaf etdirilməsi, həmçinin çirkli pulların yuyulmasının qarşısının alınması məqsədi ilə pulun hərəkətinə nəzarət sərtləşdirilir”.

Maliyyə üzrə ekspert Xalid Kərimli xatırladıb ki, 2015-2016-cı illərdə ölkənin maliyyə bazarında baş verən qarışıqlıqdan sonra bu sahədə tənzimləmələr sərtləşdirilib.

“Əvvəl istənilən qədər valyutanı ala və istənilən qədər valyutanı köçürə bilmək olurdu. Sizə bu köçürmələr zamanı heç bir məhdudiyyət tətbiq olunmurdu. Mövcud olan məhdudiyyət və qaydalar isə ciddi şəkildə tətbiq olunmurdu. Ölkədə sənəd təqdim etmədən valyutanın alışına, həm də ölkədən çıxarılmasına qarşı sərt tədbirlərin görülməsində məqsəd valyuta tənziminin həyata keçirilməsi, gərgin məqamlarda birdən-birə böyük məbləğlərin kassalardan çıxarılmasının və valyuta üzərinə basqı formalaşdırılmasının qarşısını almaqdır”, – deyə ekspert bildirib.

X.Kərimli yeni qaydalara əsasən hazırda bir vətəndaşın əsaslı təyinatı olmadan ay ərzində özünə və yaxın qohumlarına 10 min ABŞ dollarından artıq vəsait köçürməsinə icazə verilməyəcəyini qeyd edib.

“Xaricdən səhm, istiqraz, daşınmaz əmlak, başqa şirkətdən pay alışını təsdiq edən sənədi banka təqdim etsəniz, pul köçürülməsində məhdudiyyət olmayacaq, və ya siz xaricə mal satırsınızsa, onun dəyəri 180 gün ərzində ödənilməli və valyuta ölkəyə qayıtmalıdır. Alınan mallara (göstərilən xidmətlərə) görə qabaqcadan ödəniş aparıldıqda ödəniş edilən gündən 270 gün müddətində malların (xidmətlərin göstərilməsi) ölkəyə idxalı həyata keçirilməlidir”, – ekspert vurğulayıb.

X.Kərimli Cinayət Məcəlləsinə edilən dəyişikliklərin məqsədini ölkədən vəsaitin kənara göndərilməsinin və bir qrup insanın “qara bazar”da dövlətin maliyyə sistemindən kənar bir sistem formalaşdırmasının qarşısını almaq kimi qiymətləndirir.

“Bütün dünyada bu belədir, sənədsiz pul köçürmələri olmur. Bu cür pul köçürmələrinin əsas məqsədi vergidən yayınmaqdır. Məsələn, adam malı alır və satan şəxslə danışır ki, bu məhsul 100 manatdırsa, qiymətini 50 manatdan qeydiyyata salaq, ödənişin qalan 50 manatını isə mən sənə başqa yolla göndərəcəyəm. Pul köçürmələri zamanı hər iki dövlət (həm məbləği köçürən, həm də köçürülən dövlət) bununla bağlı sənəd tələb edir. Alqı-satqı ilə məşğul olanlar isə vergidən yayınmaq üçün bu cür əməllərə əl atırlar.

Bəzi şəxslərin həm ölkə daxilində, həm də ölkə xaricində pulu olduğu üçün bank sistemindən, maliyyə nəzarətindən kənar pul köçürmələri ilə məşğul olurdular. Bu məsələ bankın funksiyalarının təkrarlanması idi. Bunun qarşısını almaq üçün bu tədbirlər sərtləşdirilir. 10 il ərzində bu tip köçürmələrlə məşğul olan bir çox şəxs Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən aşkarlanıb. Bu tip köçürmələr ölkənin maliyyə bazarına ciddi risk yaradır və vergidən yayınmaq üçün geniş imkan yaradır. Bu tədbirlər həmin şəxslərə xəbərdarlıqdır ki, qeyri-qanuni köçürmə ilə məşğul olsalar, həbs oluna və cərimələnə bilərlər”, – ekspert əlavə edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 %-i miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 %-i miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 %-dək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 %-i miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllədə nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 %-dən 60 %-dək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər