Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 51 mln. dollar həcmində investisiya yatırıb.
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla xəbər verir ki, yanvar-mart aylarında investisiyaların həcminə görə Azərbaycan Gürcüstanın ikinci ən böyük investoru olub.
Qonşu ölkəyə yatırılmış ümumi birbaşa xarici investisiyaların 18,2%-i Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstanın bir nömrəli investoru 82,7 mln. dollarla Böyük Britaniya olub. Qonşu ölkənin üçüncü ən böyük investoru isə Çindir (41,6 mln. dollar).
Yanvar-mart aylarında qonşu ölkəyə ümumilikdə 279,3 mln. dollar həcmində investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,9% azdır. Ən böyük investisiyalar maliyyə (110,6 mln. dollar), tikinti (69,1 mln. dollar) və istehsal (40,2 mln. dollar) sahələrinə yatırılıb.