Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 10.5 mlrd. dollar və ya 14.7 faiz artıb.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Beləliklə Dövlət Neft Fondu və AMB-nin ümumilikdə xarici valyuta ehtiyatlarının həcmi 81.4 mlrd. ABŞ dollarına yüksəlib.
AMB-nin valyuta ehtiyatları isə 11.3 mlrd. dollar təşkil edib.
Baş bankir əlavə edib ki, tədiyə balansının statistikasına baxdıqda, ölkəmizin valyuta ehtiyatları 37 ay mal və xidmətlərin idxalını ödəyə bilir. Geniş manat kütləsini (M2), daha sadə dildə desək, dünyada olan bütün manatların həcmini nəzərə alsaq 3.7 dəfə üstələyir.
Press-rellizdə isə bildirilmişdi ki, xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdə təklif tələbi üstələyir. Son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.