Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı olan iki nəfər şəxs nəzarətə götürülüb. Onlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata əsasən, yoxlama zamanı həmin şəxslərin çamadanlarındakı sellofan paketlərin içərisindən, qutu və aksesuarları ilə birlikdə, müxtəlif yaddaşlarda 40 ədəd (7 ədəd “iPhone 14 pro max” 256 gb, 3 ədəd “iPhone 14 pro max” 128 gb, 17 ədəd “iPhone 14 pro” 128 gb, 13 ədəd “iPhone 14 pro” 256 gb) mobil telefonlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.