Oman Hörmüz boğazından keçən gəmilər üçün müvəqqəti dəniz dəhlizinin yaradılması məqsədilə Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə fəaliyyətini əlaqələndirib.
“Reuters”in Oman hakimiyyətinə istinadən verdiyi məlumata görə, bu dəhlizdən istifadə etmək istəyən gəmilər IMO və Oman rəsmiləri tərəfindən elan edilmiş coğrafi koordinatlar əsasında öz hərəkətlərini təşkilatla razılaşdırmalıdırlar.
Bildirilir ki, tədbirin məqsədi beynəlxalq və dəniz hüququna uyğun olaraq Hörmüz boğazında gəmiçilik azadlığını təmin etməkdir.
Bir gün əvvəl IMO Hörmüz boğazında qalan 11 min dənizçinin təxliyəsinə başlamağı planlaşdırdığını açıqlayıb. Əməliyyatın ABŞ, İran, Oman və regionun digər sahilyanı dövlətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi qeyd olunub.
ABŞ və İran iyunun 18-nə keçən gecə qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənədin müddəaları arasında Hörmüz boğazının açılması və ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının 30 gün ərzində aradan qaldırılması da yer alır.






