Küveytin neft naziri Tariq əl-Rumi bildirib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEС) hasilatın azaldılması ilə bağlı tədbirləri ləğv edərək neft hasilatını artırmağa hazırdır. Onun sözlərinə görə, ABŞ-nin Rusiyanın “Lukoil” və “Rosneft” neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra bazarda çatışmazlıq yaranacağı təqdirdə, OPEC bu addımı atacaq.
“Mən gözləyirəm ki, sanksiyaların tətbiqi ilə bağlı istənilən qərar qiymətlərə mütləq şəkildə müsbət təsir göstərəcək”, — deyə əl-Rumi “Reuters”in sualına cavab verib. O əlavə edib ki, sanksiyalar nəticəsində tələbin Fars Körfəzi və Yaxın Şərq ölkələrinə doğru yönələcəyi gözlənilir. “Biz artıq bunun əlamətlərini görürük”, — Küveytin neft naziri bildirib. ABŞ-nin Rusiyanın neft ixracına qarşı yeni sanksiyalar elan etməsindən sonra neftin qiyməti 5% artıb.
Küveyt OPEC+ ölkələri sırasına daxildir (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman). Bu ölkələr bir neçə il bazarın dəstəklənməsi üçün hasilatın azaldılmasından sonra neft hasilatını tədricən artırırlar. 2025-ci ilin əvvəlindən bəri OPEC+ neft hasilatının hədəf göstəricilərini sutkada 2,7 mln bareldən çox artırıb ki, bu da qlobal tələbatın təxminən 2,5%-nə bərabərdir. 5 oktyabr görüşündə OPEC+ ölkələrinin səkkizi noyabrdan etibarən neft hasilatını sutkada 137 min barel artıracağını açıqlayıb.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabrda Rusiyanın “Rosneft”, “Lukoil” və onların 34 törəmə şirkətinə qarşı sanksiyalar elan edib. Nazirlik bildirib ki, bu addımlar Rusiyanın Ukrayna ilə bağlı sülh prosesində ciddi maraq göstərməməsi ilə əlaqədardır.
23 oktyabrda ABŞ-nin yeni sanksiyalarını şərh edən Putin onların “müəyyən nəticələrinin olacağını” etiraf etsə də, “Rusiyanın iqtisadi vəziyyətinə əhəmiyyətli təsir göstərməyəcəyini” qeyd edib. “Mən xoşbəxtəm ki, o belə düşünür. Bu yaxşıdır. Mən sizə bunu altı aydan sonra deyəcəyəm”, — Tramp buna cavab olaraq jurnalistlərə bildirib (“Reuters” sitatı).







