“Bu ilin fevral ayında OPEC-in Monitorinq Komitəsinin Bakıda keçiriləcək iclasında OPEC və Rusiya başda olmaqla qeyri-OPEC ölkələri arasında daha əvvəl razılaşdırılmış azalma barədə sazişə sadiqlik müzakirə ediləcək”.
Banker.az “Finans.az”-a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suhayl bin Məhəmməd Fərəc Faris əl-Mazrui bildirib.
O, həmçinin deyib ki, bu görüşdə azalma barədə sazişin neft bazarlarına təsiri müzakirə ediləcək və bu da təklif və tələb arasında balansın təmin olunmasına kömək göstərəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında OPEC+ sazişinə qoşulan bütün ölkələrin nazirlərinin görüşünün yekununda neft hasilatının azaldılması barədə qərar qəbul olunub. Qərara əsasən, bütün ölkələr 2019-cu ilin yanvarından etibarən yarım il müddətə hasilatı toplamda gündəlik 1,2 milyon barel aşağı salacaq.