OPEC+ ölkələri nazirlərinin Monitorinq Komitəsi gündəlik neft hasilatını iki milyon barel azaltmağa razılaşıb. ABŞ-nin Maliyyə naziri Canet Yellen isə OPEC-i tənqid edərək qərarın faydasız və düşünülməmiş olduğunu, inkişaf etməkdə olan ölkələrə zərər verəcəyini vurğulayıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, OPEC-in son qərarı məhz dünya iqtisadiyyatına müşahidə edilən resessiya və neftə tələbin azalmasıyla bağlıdır:
“OPEC bir müddət öncə neft hasilatının artırılmasıyla bağlı qərar qəbul etmişdi, bu isə birbaşa onunla bağlı idi ki, OPEC pandemiyanın yumşalması fonunda neftə tələbin artacağını güman edirdi, amma xüsusilə inkişaf etmiş ölkələrdə iqtisadi artımla bağlı proqnozların reallaşmaması neftə olan tələbin azalmasına gətirib çıxardı. Buna görə də OPEC hasilatın iki milyon barel azaldılmasıyla bağlı qərar qəbul etdi.
Onun bu qərarı nə inkişaf etmiş ölkələr, nə də ekspertlər tərəfindən gözlənilən hesab olunurdu. Əslində, hasilatın azaldılması gözlənilən idi, amma iki milyon barel azaldılması gözlənilmirdi. O baxımdan bir sıra inkişaf etmiş ölkələr qərardan heç də məmnun olmadı. Məsələn, ən çox neft istehlak edən və istehlakının 50 faizini idxal hesabına ödəyən ABŞ bu qərarı heç də məmnunluqla qarşılamadı”.
İqtisadçı bu qərardan sonra neftin qiymətində müəyyən artımlar müşahidə olunsa da, kəskin artımların hələ də olmadığını diqqətə çatdırıb:
“Çünki OPEC+ hasilatın iki milyon barel azaldılmasıyla bağlı qərar qəbul etsə belə, onunla bağlı planı praktik olaraq təsdiq etməyib. Yəni bu hasilatın necə azaldılacağı, ölkələrin kvotalarının necə olacağı tam olaraq razılaşdırılmayıb, ona görə də neft bazarında kəskin qiymət artımları müşahidə olunmadı. Bununla belə, qərar neftin dünya bazarında qiymətinin stabilləşməsinə və müəyyən qədər artmasına səbəb oldu. Bu da neft ölkələri üçün arzuolunan hesab olunur.
Əgər qərarla bağlı konkret addımlar atılarsa, qiymətlərin artması fonunda neft ölkələrinin valyuta gəlirləri də artacaq. Təbii ki, Azərbaycanın gəlirlərinə də müsbət təsir olacaq. Çünki Azərbaycan ixracatının təxminən 80 faizi xam neftdir”.