OPEC+ Nazirlərinin Monitorinq Komitəsi alyansa may-iyul ayları üçün hasilatın məhdudlaşdırılması üzrə sazişin mövcud şərtlərini saxlamağı tövsiyə edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə alyansadakı nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.
“Tövsiyə sazişin mövcud şərtlərinə riayət edilməsidir”, – agentliyin həmsöhbəti görüşün nəticələri barədə danışarkən deyib.
OPEC+ koronavirus pandemiyası nəticəsində neftə tələbatın azalması səbəbindən 2020-ci ilin may ayından bu yana hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Vəziyyət düzəldikcə məhdudiyyətlər də korrektə edilib və hazırda aprel ayı üçün gündəlik 6,9 milyon barel təşkil edir. Hamı üçün baza göstərici 2018-ci ilin oktyabr ayı, Rusiya və Səudiyyə Ərəbistanı üçün isə gündəlik 11 milyon bareldir.
OPEC+ may ayından bəri azalan hasilat həcminin daha da azaldılması barədə razılığa gəlib: mayda gündəlik 6,55 milyon barelə, iyundan 6,2 milyon barelə, iyuldan isə 5,76 milyona barelə qədər. Səudiyyə Ərəbistanının könüllü töhfəsini və ondan tədricən imtina etməsini nəzərə alsaq, alyansın aprel ayındakı məhdudiyyətləri gündəlik 7,9 milyon barel, mayda 7,3 milyon, iyunda 6,6 milyon və iyulda isə 5,76 milyon bareldir.