Dekabrın 1-dən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs ) ölkələrinə 2021-ci ilin iyul ayında planlaşdırıldığı kimi, gündəlik neft hasilatını 400 min barel artırmağa icazə verilir.
“OPEC+” nazirləri bu həlli bazar vəziyyətinə uyğunlaşdırmaq üçün hər ay görüş keçirir. Bununla belə, razılaşmalar heç vaxt dəyişdirilməyib – baxmayaraq ki, neft istehlakçıları, xüsusən də Çin, Hindistan, eləcə də ABŞ (həmçinin ən böyük neft istehsalçısı) qiymətlərin güclü artması səbəbindən “OPEC+”dan təklifi bir qədər də artırmağı xahiş ediblər.
Bununla belə, bir sıra ölkədə baş verən qəza və təmirlər, eləcə də ötən illərdə investisiya çatışmazlığı səbəbindən “OPEC+” bazara nəzərdə tutulan həcmlərdən daha çox neft təqdim edə bilmir. Belə ki, avqustda sövdələşmə 119%, sentyabrda 115%, oktyabrda 116% yerinə yetirilib, yəni bu aylarda bazara planlaşdırılandan müvafiq olaraq 1 mln. barel, iki dəfə isə 700 min barel az neft tədarük edilib.
Xatırladaq ki, bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barel olub. Bunun 585,9 min barelini xam neft, 118,5 min barelini isə kondensat təşkil edib. “OPEC+” ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barel həcmində olmasını nəzərdə tuturdu. Göründüyü kimi, Azərbaycan oktyabr ayında “OPEC+” öhdəliyini artıqlaması ilə (109,2%) yerinə yetirib.