16 C
Baku
Wednesday, May 1, 2024

Orta əsrlərdə İslamda iqtisadi düşüncə

Dövrün xüsusiyyətləri

İslam mədəniyyəti ərəblərin fəthləri ilə formalaşmağa başladı. Yüz il ərzində (VII—VIII əsrlərdə) ərəblər böyük əraziləri fəth etdilər. Ərəb Xilafətinin ərazisi Roma İmperiyasından çox idi və İspaniyadan Hindistana qədər uzanırdı. Onun tərkibinə həmçinin bir çox inkişaf etmiş ölkələr də daxil idi və daha sonralar bu ölkələr İslam mədəniyyətinin formalaşmasına yardımçı olmuşlar. Xüsusilə əvvəllər Bizans imperiyasının tərkibinə daxil olan Suriya və Misir İslam aləmində antik fəlsəfənin nümayəndələri idilər. Avropada olduğu kimi orta əsr İslam fəlsəfəsi də ilahiyyatçılıq çərçivəsində inkişaf edirdi. XI—XII əsrlər bu fəlsəfənin çiçəklənmə dövrü hesab olunur. İslam ilahiyyatçılığında doqmatizm və mistisizm nümayəndələrinin artmasına baxmayaraq, burada dərin düşüncəli mütəfəkkirlərə də rast gəlmək olurdu. Bu mütəfəkkirlərdən biri də əslən Tunisdən olan filosof və tarixçi Vəliəddin Əbdürrəhman ibn Haldun (1332-1406) idi. O, cəmiyyətin inkişafına dair nəzəriyyənin banisidir və bu nəzəriyyədə əsas yeri iqtisadi problemlər tuturdu.

Predmet və metodlar

İbn Halduna görə cəmiyyətin inkişafı makroiqtisadiyyatın tədqiqatı üçün əsas predmet hesab edilir. Metod olaraq isə o müsbət və normativ yanaşmaları əsas hesab edirdi. Dünyada baş verən hadisələr mühüm metodoloji mövqe hesab edilirdi. Digər metodoloji mövqe kimi cəmiyyətin inkişafına təsir göstərən təbii qanunlar hesab olunurdu.

Əsas nəzəri anlayışlar

1. Sosial inkişaf nəzəriyyəsi. İbn Haldun cəmiyyətin inkişafını dövri hesab edirdi və hər dövrü o 3 mərhələyə bölürdü. İqtisadiyyatın inkişaf mərhələləri hər bir mərhələnin əhəmiyyətli göstəricisidir. İbn Haldunun yazdığına əsasən bir nəslin yaşadığı dövrün şərtləri insanların öz dolanışıqlarını necə təmin etməsindən asılı olaraq dəyişir. İlk mərhələni o “vəhşilik” adlandırır. Burada insanlar keçid dövründə olan iqtisadiyyata sahibdirlər və əsasən ovçuluq və yeməli bitkilərin toplanması ilə məşğul olurdular. İkinci mərhələ isə “ibtidailik” adlanırdı və bu mərhələnin xüsusiyyəti əkinçilik və maldarlığın yaranması ilə xarakterizə olunur.

İbn Haldun tərəfindən “sivilizasiya” adlandırılan üçüncü mərhələdə isə şəhərlərdə cəmləşən sənətkarlıq və ticarət meydana gəldi. Onun nəzəriyyəsinə əsasən sivilizasiya mərhələsinə keçid ilə dövlət də formalaşmağa başlayır. Bu dövlət qəbilə quruluşundan demokratiyaya keçid kimi tərənnüm olunur. Bu qəbilə quruluşundan fərqli olaraq əmir öz hakimiyyətində muzdlu əsgər və vəzifəli şəxslərə əsaslanırdı. İbn Haldunun fikrincə dövlət – öz xalqına zorakılıq edən bir mexanizmdir.

Bununla əlaqədar olaraq İbn Haldunun nəzəriyyəsində zənginliyin əldə edilməsinin təbii və qeyri-təbii üsuları, daha doğrusu iqtisadi münasibətlərin sistemləşdirilməsi yaranır. Təbii üsul kimi İbn Haldun əməyi, qeyri-təbii üsul kimi isə zorakılığı (dövlət tərəfindən) əsas hesab edir. Eyni zamanda təbii üsullara kənd təsərrüfatı, sənətkarlıq və ticarət daxil idi. Gördüyümüz kimi, burada da Aristotelin nəzəriyyəsində olduğu kimi bölmə üçün əsas meyar “məqsəd” deyil, “vasitə” hesab olunur. Çünki ticarət də təbii məşğulluq hesab olunur. Cəmiyyət, onun varlığı və bazarlarının çiçəklənməsi – hamısı insanların əməyindən, fəallığından və fəaliyyətindən asılıdır. Bütün bu cəhətlərin əsasında isə maraqların həyata keçirilməsi və tələbatların ödənilməsi durur. Qeyri-təbii üsullara isə İbn Haldun vergiləri, dövlətin inhisar ticarətini, məhkəmə müsadirələrini və həmçinin müharibələr zamanı əldə edilən qənimətləri aid edir.

Cəmiyyətin inkişafının ən yüksək mərhələsi olan üçüncü mərhələni İbn Haldun həmçinin mərhələnin sonu hesab edir. Hökumət qüvvələrinin zorakılıqlarının artması insanların iş fəallığını aşağı salırdı. Məsələ ondadır ki, daha çox vergi toplamaq arzusunda olan dövlət bu halda əksinə olaraq daha az vergi yığacaq. Bu hal da xəzinənin boşalmasına və əsgərlərin əmək haqlarının ödənilməməsi ilə nəticələnək. Bu da özlüyündə dövlətin qonşu ölkələr tərəfindən fəthinə gətirib çıxaracaq. Lakin bölgənin əhalisi üçün vəziyyət dəyişməyəcək. Çünki hökumət əvəzlənsə də vergilər yığılmaqda davam edəcək və İbn Halduna görə hər şey müəyyən sxem üzrə inkişaf edir.

2. İbn Halduna görə məhsulların qiyməti tələb və təkliflər əsasında müəyyən olunur. Tələb baxımından malın qiyməti onun lazımlılıq dərəcəsindən və digər mallar arasında tutduğu yerdən asılı olaraq müəyyən olunur. Məhsulun qiyməti həmçinin məhsulun hazırlandığı materialdan, ona sərf olunan əməkdən də asılıdır. Həmçinin İbn Haldun hesab edirdi ki, dolayı yolla vergilərin yığılması malların qiymətinin artmasına səbəb olur.

3. Ticari mənfəət malın alınması və satılması qiymətləri arasında fərq rolunu oynayır. İnsan malı ehtiyat olaraq saxladıqda, onun qiymətinin qalxmasını gözlədikdə və yaxud da bu mala tələbatın daha çox olduğu ölkələrə apardıqda maldan yüksək gəlir əldə edir.

4. Pullar. İbn Haldunun fikrinə əsasən qızıl və gümüş ilk növbədə ödəmə, əmanət və ölçü vasitəsi olaraq pul hesab olunur. O yazırdı: “Tanrı iki metal – qızıl və gümüşü daşına bilən əmlaklar üçün əsas meyar kimi yaratdı. Onlar alış-verişin, əmanətin və zərgərliyin əsaslarıdır”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər