“İnnovativ texnologiyaların geniş vüsət alması fonunda ötən bir neçə il ərzində rəqəmsal transformasiya prosesi daha da sürətlənib”.
Bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
“Koronavirus (COVİD-19) pandemiyası rəqəmsallaşmanın bizneslərin dayanıqlığının artırılması və onların rəqabət qabiliyyətinin, eləcə də satış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini əyani şəkildə göstərmiş oldu. Praktik baxımdan, təsisatlar təqdim etdikləri məhsul və ya xidmət müqabilində ödəniş qəbul etməyə başladığı andan, artıq, biznes fəaliyyəti ilə məşğul olurlar. Ödənişlər biznes prosesinin yekun mərhələsi olsa da, rəqəmsal transformasiya üçün ilkin addım ola bilər. Belə ki, bizneslər üçün rəqəmsal transformasiya ödənişlərdən başlaya bilər və daha sonra digər xidmət təminatı sahələrini də əhatə edə bilər. Nağdsız ödənişlər kifayət qədər çoxsaylı üstünlüklərə malikdir. Faktiki olaraq, nağd ödənişlərə üstünlük verən ölkələr daha aşağı inkişaf tempinə malik olur və maliyyə sisteminin təqdim etdiyi əksər imkanlardan faydalana bilmir. Əksinə olaraq, rəqəmsal iqtisadiyyata malik ölkələr daha çox uğurlar əldə edir və mütəxəssislərin rəyinə əsasən, rəqəmsal ödənişlərə keçid ÜDM-in illik əsasda 3 faiz bəndi qədər artımına gətirib çıxara bilər”, – o qeyd edib.
O.Məmmədovun sözlərinə görə bütün bunlara və nağd ödənişlərin malik olduğu əksər çatışmazlıqlara baxmayaraq, bütövlükdə, qlobal miqyasda nağdsız iqtisadiyyata doğru inkişaf meylləri arzulanan səviyyədə deyil: “Nağd vəsaitlərin çap edilməsi, daşınması və saxlanılması üçün əlavə xərclər tələb olunur. Misal üçün, Şimali Amerikanın böyük banklarından biri nağd və çek əməliyyatlarının həyata keçirilməsi və ATM-lərə xidmət göstərilməsi üçün hər il orta hesabla 5 milyard ABŞ dolları vəsait sərf edir. Kartlar, elektron tətbiqlər və ya kompüterlər vasitəsilə edilən ödənişlər isə adətən sadə və asan olur. Eyni zamanda, qeyd edilən və digər rəqəmsal həll yolları pul vəsaitlərinin göndərilməsi və alınması prosesini asanlaşdırdığı üçün, onlar iqtisadi fəallığı artırır və geniş həcmli maliyyə və qeyri-maliyyə faydaları yaradır. Nağdsız iqtisadiyyatın inkişafı üçün zəruri infrastruktur və tənzimləmə çərçivəsinin mövcudluğu, xüsusilə kiber-təhlükəsizlik məsələlərinin təmin edilməsi mühüm rol oynayır. İstənilən halda, düşünürəm ki, nağdsız ödənişlər təbii təkamül yolu ilə, istifadəçiləri prosesə sövq etməklə və onların məlumatlarının qorunmasına əminlik yaratmaq yolu ilə inkişaf etdirilməlidir. Bu baxımdan, doğru strategiyalar, stimullar, ictimai etimadın artırılması üçün təbliğat və təşviqat işləri, eləcə də dövlət və özəl sektor arasında tərəfdaşlıq təcrübələrinin genişləndirilməsi və zəruri mühitin formalaşdırılması mühüm əhəmiyyətə malikdir”.