2016-cı ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İSB-dən APA-ya verilən məlumata görə, ötən ay ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olub. 2015-ci ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma müşahidə edilib. Noyabr ayında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib.