2018-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 229,9 mln. ton yük daşınmış və 2017-ci ilə nisbətən 1,5 % artım müşahidə olunmuşdur. Yüklərin 3,6 %-i dəniz, 6,0 %-i dəmir yolu, 0,1 %-i hava, 64,9 %-i avtomobil nəqliyyatı, 25,4 %-i isə boru kəməri ilə daşınmışdır.
Banker.az Dövlət Statistika Komitəsinə istinadla məlumat verir ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,8 % artmış, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 82,4 % təşkil etmişdir.
2018-ci ildə nəqliyyatçılar 2002,8 mln. nəfərə və ya 2017-ci illə müqayisədə 1,5 % çox sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 88,2 %-i avtomobil nəqliyyatı, 11,5 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 149,3 mln. ton yük, 1766,6 mln. sərnişin daşınmış və əvvəlki illə müqayisədə müvafiq olaraq 3,1 % və 1,5 % artım qeydə alınmışdır. Sərnişinlərin 96,1 %-i avtobus, 3,9 %-i isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 3,2 %, sərnişin dövriyyəsi isə 1,6 % artmışdır.
Dəmir yolu nəqliyyatı ilə 2018-ci ildə 13,7 mln. ton yük, 2785,4 min sərnişin daşınmış, 2017-ci illə müqayisədə yük daşınmasında 5,7 % azalma, sərnişin daşınmasında isə 11,8 % artım müşahidə olunmuşdur.
Orta hesabla sutkada 338 vaqon yüklənmiş, 411 vaqon isə boşaldılmışdır.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 5,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilmişdir.
Dəniz nəqliyyatı ilə 2018-ci ildə daşınmış yüklərin həcmi 8236,1 min ton təşkil etmiş və əvvəlki ilə nisbətən 1,3 % azalmışdır. Yüklərin 54,8 %-ini neft yükləri təşkil etmişdir.
Dəniz limanları tərəfindən 9902,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 9343,3 min tonunu və ya 94,4 %-ini tranzit yüklər təşkil etmişdir.
2019-cu il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 232,5 min ton olmuşdur.
2018-ci il ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilə nisbətən 8,2 % azalaraq 15,7 min nəfər olmuşdur.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,9 % artaraq 231,0 mln. nəfər olmuşdur.
Hava nəqliyyatı ilə 2399,1 min və ya əvvəlki ilə nisbətən 1,7 % çox sərnişin daşınmış, daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir. Bu nəqliyyat növü ilə yükdaşıma 17,4 % artaraq 203,1 min tona çatmışdır.