34 C
Baku
Friday, July 5, 2024

Ötən il filialları bağlayıb onlayn satışa keçən “Maxi.az”ın gəlirləri azalıbmış

Azərbaycanda distributor kimi fəaliyyətdə olan “İnteqral” Qapalı Səhmdar Cəmiyyətinin (Maxi.az) son açıqlanan hesabatında gəlirlərinin azaldığı müşahidə edilir.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, şirkət 2022-ci ildə 95.41 mln. manatlıq əsas əməliyyat gəliri əldə edib. Bununla da gəlirlər 2021-ci ildəki nəticə – 107.9 mln. manatdan 12.49 mln. manat və ya 12 faiz aşağıdır. Satışların maya dəyərinin 93.25 mln. manat olması ilə ümumi mənfəət 2.16 mln. manata düşüb. 2021-ci ildə ümumi mənfəət 3.72 mln. manat idi.

“İnteqral” şirkəti 1997-ci ildən başlayaraq bütün ölkə üzrə müasir salonlar və diler şəbəkəsi ilə telekommunikasiya xidmətləri və məişət texnikası sahəsində xidmət göstərir. Şirkət hazırda “Maxi.az” platforması ilə satışları həyata keçirir.

Gəlirlərin azalması sonrası şirkət daha bir mühüm qərar vermişdi. Belə ki, 2023-cü ilin üçüncü rübündən etibarən “Maxi.az” filialları ləğv edilmiş və elanda bildirilmişdi ki, şirkət “Umico” marketlər üzərindən fəaliyyətini davam etdirəcək. Görünür şirkətin rəhbərliyi xərcləri optimallaşdırmaq üçün daha optimal variant kimi bu formada biznesin davam etdirilməsini məqbul görüb.

“İnteqral” şirkətinin 2022-ci il üzrə hesabatından görünür ki, 2021-ci illə müqayisədə gəlirlərin azalması ilə yanaşı inzibati xərclər də xeyli optimallaşdırılıb. Məsələn, 2021-ci ildə “İnteqral”ın işçidən icarəyə qədər cəmi xərcləri özündə ehtiva edən ümumi və inzibati xərclər 3.14 mln. manat olarkən, növbəti ildə 1.61 mln. manata endirilib. Bu da ikiqat azalmadır.

Bununla belə, 2021-ci il üzrə hesabatında 0.58 mln. manatlıq “fövqəladə zərər” kimi təsnifləşdirilmişdi. Şirkət 2022-ci ildə 0.44 mln. manat xalis mənfəət əldə edib.

“İnteqral” QSC-nin 1 yanvar 2023-cü il tarixinə 0.445 mln. manat xalis aktivləri olub.

Son xəbərlər
Digər xəbərlər