Hazırda “Hökumət Ödəniş Portalı”na (HÖP) 11 mərkəzi icra hakimiyyəti orqanı, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 116 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1 438 bələdiyyə orqanı, 109 ali və orta ixtisas təhsil müəssisəsi və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub. Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 1 100-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 26 bank və “Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 4 000-dən çox ödəniş terminalında nağd və nağdsız formada aparıla bilər.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
HÖP üzərindən 2021-ci il ərzində həyata keçirilən əməliyyatların ümumi həcmi 4.1 mlrd. manat təşkil edib və bu əməliyyatların 58%-i nağdsız formada aparılıb. Əməliyyatların ümumi həcmi 2020-ci il ilə müqayisədə 25.8%, o cümlədən nağdsız əməliyyatların həcmi 35.2% artıb.
Qeyd edək ki, “Hökumət Ödəniş Portalı” (HÖP) büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması üçün yaradılıb.