11 C
Baku
Wednesday, December 11, 2024

Ötən il Türkiyə ixracatı Cümhuriyyət tarixinin rekordunu qırıb

Türkiyənin ixracatı ötən il bir əvvəlki ilə nisbətən 0,6 faiz artaraq 255 milyard 809 milyon ABŞ dolları təşkil edib. Bu rəqəm cümhuriyyət tarixində rekord olub. 2023-cü ilin oktyabr ayından etibarən illik xidmət ixracı rekord səviyyəyə – 99 milyard 254 milyon dollara çatıb.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il üçün ixracat göstəricilərinin açıqlanmasına dair tədbirdə çıxışında deyib.

Türkiyənin yaxın keçmişdə təbii fəlakətlər, terrorizmlə mübarizə, dövlət çevrilişinə cəhd, lirənin məzənnəsinin qeyri-sabitliyi kimi problemlərə məruz qaldığını xatırladan Ərdoğan deyib: “Bütün bunları nəzərə alsaq, ölkə iqtisadiyyatında əldə edilən uğurların nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlayırıq. Bütün bu hadisələrin baş verdiyi 2012-2022-ci illərdə dünya iqtisadiyyatı illik orta hesabla 3,4 faiz artdığı halda, Türkiyə iqtisadiyyatında artım orta hesabla 6 faiz olub. Son bir neçə il ərzində bütün dünyaya dərindən təsir edən COVID-19 pandemiyası ilə qlobal tədarük zəncirinin qırılması, Rusiya-Ukrayna qarşıdurması ilə xammal və enerji böhranının təsirləri belə ölkə iqtisadiyyatını ləngidə bilmədi və Türkiyə iqtisadiyyatı 2022-ci ildə 5,5 faiz artdı. Bu artım tempinə ən böyük töhfə 2,4 balla ixracatçılardan verildi. 2023-cü ilin üçüncü rübündə 5,9 faiz artaraq son 13 rübdə fasiləsiz böyümə tendensiyamızı davam etdirdik. Beləliklə, Türkiyə G20 ölkələri arasında ən sürətlə inkişaf edən ikinci ölkə oldu”.

Türkiyə Prezidenti əlavə edib: “Dünyanın digər iqtisadiyyatları kimi, bizim də ən böyük başağrımız həyat bahalığına səbəb olan inflyasiyadır. Avropadan Amerikaya qədər son 60-70 ilin zirvəsinə çatan inflyasiya, görülən bütün tədbirlərə baxmayaraq yüksək olaraq qalmaqdadır”.

Rəcəb Tayyib Ərdoğan ölkəsinin 2024-cü ildə mal və xidmət ixracatını 375 milyard dollardan çox artıra biləcəklərinə inamını ifadə edərək Türkiyənin buna nail olmaq üçün kifayət qədər gücü olduğunu vurğulayıb: “Məqsədimiz türk məhsullarının tanınmadığı, ixracatçılarımızın ayaq basmadığı heç bir ölkə qalmamasıdır. Mövcud dəstəklərimizi gücləndirməklə yanaşı, ixracatçılarımıza yeni dəstək paketləri və yeni xidmətlər təklif etmək üçün hazırlıq görürük”.

Türkiyə Prezidenti iqtidara gəldiyi 2002-ci ildə ölkənin ixracatdan aylıq orta hesabla 3 milyard dollar əldə etdiyi halda, bu gün bu rəqəmin 21,3 milyard dollara çatdığını deyib.

Ölkə başçısının açıqlamalarından sonra Türkiyənin 2024-cü il üçün ilk ixracatı İstanbuldan edilib.

Son xəbərlər
Digər xəbərlər