Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ticarət və Sənaye Palatasında Azərbaycanın nümunəsi ilə “Biznes hamroh” mərkəzlərinin yaradılmasını təsdiqləyib.
Bu barədə Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov “Uzbekistan 24” telekanalına müsahibəsində bildirib.
D.Vahabov mərkəzlərin palata daxilində yaradılacağını və Azərbaycan təcrübəsindən istifadə edərək “bir pəncərə” sistemi kimi fəaliyyət göstərəcəyini aydınlaşdırıb. Bütün xidmətlər vahid elektron platforma vasitəsilə göstəriləcək və 24 saatlıq çağrı mərkəzi də açılacaq.
“Hər regionda sahibkarları dəstəkləyən “Biznes hamroh” mərkəzi yaradılacaq. Burada mühasibatlıq, vergi, ixrac, bank, sığorta və sertifikatlaşdırma xidmətlərini birləşdirmək, eləcə də istehsalçılar arasında əməkdaşlığın asanlaşdırılmasına kömək etmək planlaşdırılır. Belə sistem sahibkarlara problemlərinin 80 %-ə qədərini bir yerdə həll etməyə imkan verəcək”, – D.Vahabov bildirib.
Birinci mərhələdə mərkəzlər Cizax, Fərqanə və Əndican bölgələrində yaradılacaq. Bu məqsədlər üçün 200 milyard som (16,7 milyard dollar) ayrılıb.
Mərkəzlər müasir standartlara cavab vermək üçün modernləşdiriləcək mövcud binalarda yerləşəcək.








