20 C
Baku
Thursday, May 23, 2024

Özbəkistanın əczaçılıq şirkətləri Azərbaycana investisiya yatırmaq istəyir

Özbəkistanın əczaçılıq sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin nümayəndələri ilə Pirallahı Sənaye Parkına investisiya yatırılması prespektivləri müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, Özbəkistanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi sədrinin müşaviri Xilola Qaniyeva və Özbəkistanın bir qrup əczaçılıq şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Pirallahı Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin Birdəfəlik şpris istehsalı zavodunun fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində “Bakı Biznes Mərkəzi” MMC-də Özbəkistan nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərliyi arasında görüş keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılmış əlverişli investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib.

Görüş çərçivəsində Özbəkistan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyətləri barədə təqdimatlarla çıxış ediblər.

Sonda sənaye zonalarında əczaçılıq sahəsində birgə layihələrin həyata keçirilməsi, farmasevtika istiqamətində əməkdaşlıq əlaqələrinin inkişafı üçün tədqiqat və inkişaf mərkəzinin formalaşdırılması imkanlarına dair məsələlər müzakirə edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər