Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa edilmişdir.
Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranmışdır.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.