Menecment üzrə mütəxəssis Piter Druker, liderin xarizması haqda çox da düşünməmişdi. Buna baxmayaraq, 1992-ci ildə çıxan “Gələcəyin menecmenti” kitabında o, iri bankların birində “Xarizmanı necə əldə etmək olar” adlı seminarından bəhs edir.
“Tarixdə XX əsrin Stalin, Hitler və Maonun daxil olduğu üçlükdən daha xarizmalı kimsə olmamışdı. Bu liderlər bəşəriyyətə o qədər əzab verdilər ki, – Druker hirslə deyir. – Ancaq effektiv rəhbərlik xarizmaya bağlı deyil. Duayt Eyzenhauer, Corc Marşall və Harri Trumen olduqca güclü liderlərdən biri olublar”.
Drukerin xarizmaya qarşı olan antipatiyası başa düşüləndir. O, Almaniyada işləyirdi və 1933-cü ildə Hitlerin kansler vəzifəsinə təyin edilməsindən sonra ölkədən qaçmaq məcburiyyətində qalıb. Deyəsən, Druker xarizmanın effekti və tətbiq məqsədləri anlayışlarını bir-biri ilə qarışdırır.
Və bu barədə düşünsəniz, xarizmanın rəhbərliyin effektivliyinə böyük töhfə verdiyini görəcəksiniz. “İyirmi beş il əhatə edən məlumatların meta analizi, xarizmatik liderlərin komandalarını ruhlandırmaq qabiliyyətinə malik olduqlarını göstərdi”, – “Elçilər: kimə qulaq asmaq lazımdır, kimə isə yox” kitabında Stiven Martin və Cozef Marks yazırlar.
Ümidverici səslənir. Bəs lider xarizmaya malik deyilsə, onda necə? Xarizmanı inkişaf etdirmək mümkündürmü?
Əvvəlcə xarizmanın nə olduğunu müəyyən etmək lazımdır və bu o qədər də asan deyil. Martin və Marks etiraf edirlər ki, bu terminə tərif vermək çox çətindir. Buna baxmayaraq, yazıçılar xarizmatik hesab olunan liderlərin bir neçə fərqləndirici xüsusiyyətini qeyd edirlər.
Birincisi, kollektiv şüur və görmə qabiliyyəti, ikinci keyfiyyət isə dinamizm adlanır. Amerika Psixologiya Assosiyasiyası dinamizm insan dedikdə, onun “şən, həssas, spontan və ünsiyyətcil olduğunu nəzərdə tutur. Mən dinamizmi Hitler, Stalin və ya Mao ilə əlaqələndirmirəm, amma Martin və Marks inanırlar ki, bunlar liderlərin sözlərini dinləməyə və onlara uyğun hərəkət etməyə məcbur edən ekspressivlik, enerji və entuziazm kimi keyfiyyətlərin təzahürüdür.
Əgər belədirsə, xarizma (yunan dilində charis) yalnız seçilmişlərə verilən sehrli vergi deyil. Əksində, liderin bu və ya digər şəkildə ünsiyyət qurma qabiliyyətidir.
Xarizmanı inkişaf etdirilməsinin mümkün olub-olmadığını tədqiq edən Con Antonakis, Marika Fenli və Syu Lixti də bu qənaətə gəliblər. Müəlliflər “xarizmanı nümayiş etdirməyin üsulları” nı müəyyən etdilər. Üç ay sonra bu üsullardan istifadə edən menecerlər həmkarları tərəfindən “daha xarizmalı” kimi qiymətləndirildi.
Müəlliflər liderlər üçün verbal və verbal olmayan üsullar tərtib etdilər. Liderlərin etdikləri:
– Metaforalardan istifadə edirlər. Metaforalar tezisləri sadələşdirir, emosiyaları “oyadır”, simvolik assosiasiyalar yaradırlar;
– Hekayələr və lətifələr danışırlar. Hekayələr və lətifələr sözləri daha başadüşülən və yaddaqalan etməklə yanaşı, əməkdaşlara özlərini baş qəhrəman rolunda görməyə imkan verir.
– Mənəvi dəyərləri və ümumi hissləri səsləndirirlər. Bu, həmfikirlərlə birliyi gücləndirir.
– Orator bacarıqlarını inkişaf etdirirlər, ritorik suallardan istifadə edirlər və cavab tələb edən tapmaca və gözləntilər formalaşdırılar.
– Emosional vəziyyəti insanlara ötürmək və dəstək almaq üçün bədən dilindən düzgün istifadə edirlər.
Xoşbəxtlikdən, bu metodlardan istifadə etmək çətin deyil. Tədqiqatçılar xarizmalı liderlik və onun əhəmiyyəti kimi mövzulara həsr edilmiş beş saatlıq seminar hazırladılar. Onlar yuxarıda sadalanan üsulları filmlərdən götürülmüş kadrlarla təsvir etdi, məsələn, “Ölü şairlərin cəmiyyət”. Seansın sonunda hər bir rəhbər hərtərəfli qiymətləndirmə və Martin Lüter Kinqin “Mənim arzum var” adlı məşhur çıxışının nüsxələrini əldə edirlər.
Əgər siz də xarizmanı inkişaf etdirmək istəyirsinizsə, öz inkişaf proqramınızı tərtib etməlisiniz. Təbii ki, mənim kimi siz də “Ölü şairlərin cəmiyyəti” filminə təkrar baxmaqdan qorxmursunuzsa.