Müsahibimiz: Kapital Bank Maliyyə Menecmenti departamenti direktor müavini Pərvin Məmmədovdur.
Necə oldu ki bu peşəni seçdiniz və hazırki pozisiyanıza gələnədək hansı təcrübələrə yiyələnmisiniz?
Səmimi olaraq deyərdim ki, valideynlərimin arzusu olub ki, mən həkim ixtisası üzrə təhsil alım. Çünki, atam həkimdir və istəyirdi ki, onun peşəsini davam etdirim. Lakin, orta məktəbdə oxuyarkən mənim maliyyə sahəsinə olan marağım atamın bu istəyini geri çevirməmə səbəb oldu. Mən orta məktəbi özəl liseydə bitirmişəm və bizdən əvvəl məzun olan tələbələr tətil zamanlarında gəlib bizə oxuduqları universitet və ya ixtisasları haqqında məsləhət verərdilər.
Artıq 10-cu sinifə çatanda qarşıma hədəf qoydum ki, Türkiyədə maliyyə sahəsi üzrə təhsil almalıyam. Valideynlərim də bu qərarıma dəstək oldular və Məni ruhlandırırdılar. Mən ilk qoyduğum hədəfə nail oldum və İzmir şəhərində 9 Eylül universitetinin İqtisadiyyat fakultəsi üzrə bakalavr pilləsinə qəbul olundum. Orda oxuyarkən artıq 3 və 4 cü kursda dərslərin tələbə tərəfindən seçilməsi üzrə şans verilirdi və mənim də marağım bank işi və maliyyə analitiki sahəsi üzrə olan üzrə dərslərə idi. Belə ki, artıq Azərbaycana qayıtdıqda Kapital Bank-dan əvvəl bir neçə bankda maliyyə departamentində mütəxəssis vəzifəsində çalışdıqdan sonra 2012-ci ildən etibarən Kapital Bank-da çalışmağa başladım.
Universitetdə oxuyan gənclərimizin bir qismi gələcəkdə maliyyəçi olmaq arzusundadır. Onlara gələcəkdə məhz bu sahədə çalışmaq üçün, keçmiş təcrübənizdən çıxış edərək nə məsləhət verərdiniz.
İlk öncə təcrübələrimə əsaslanaraq bildirmək istərdim ki, onlar özlərini peşəkar bir maliyyəçi kimi görmək istəyirlərsə, sadəcə olaraq universitetdə öyrədilən dərslikləri oxumaqla kifayətlənməməlidirlər. Maliyyə sahəsində bir çox beynəlxalq nüfuslu sertifikatlar mövcuddur və onların əldə edilməsi karyeralarına çox müsbət təsir göstərəcəkdir. Və bu sertifikatları almaq üçün heç də universitetin sonuncu kursunu gözləmək və ya universiteti bitirdikdən sonra hazırlaşmağa başlamaq lazım deyil. Artıq günü -gündən rəqabət getdikcə güclənir və səni digərlərindən bir addım fərqləndirən məhz belə faktorlar olur.
Son olaraq məsləhət görərdim ki, hədəflərini təyin edərkən mütləq planlı şəkildə və özünə inam hissi ilə başlamalıdırlar. Özünə inanmayan şəxsin uğur qazanması çətindir. Bir tələbə planlı və özünə inamla bir hədəf seçmişdirsə, mütləq arzusuna nail olacaq və hədəfinə gedən yolda heç bir problem onun qarşısını ala bilməyəcək.
Pərvin müəllim, indiki dövrdə maliyyəçi hansı biliklərə sahib olmalıdır?
Maliyyə sahəsində təhsil alan və karyerasını maliyyəçi kimi görən şəxs sadəcə ona universitetdə keçirilmiş dərslər və oxuduqları ilə kifayətlənməməlidir. Təbii ki, pul saymağı, hesablamağı hamı bacarır. Amma maliyyənin normal iqtisadi təhlilini aparmaq az sayda insanların işidir. Bu sahədəki insanların dərsliklərdən oxuduqları biliklərdən əlavə güclü məntiq və analitika qabiliyyəti gərəkdir.
Bunlardan əlavə davamlı olaraq, lokal və qlobal səviyyədə iqtisadi gündəmi izləmək, prosesləri başa düşərək gələcəkdə iqtisadiyyatda baş verə biləcək dəyişiklikləri təxmin edib ona uyğun strategiyalar hazırlamaq labüddür.
Hazırda Azərbaycanda ən dəbdə olan sahələrdən biri məhz maliyyədir. Lakin çoxları, maliyyənin müxtəlif sahələrini bir -birindən ayırmağa çətinlik çəkir – misal üçün maliyyə dedikdə mühasibatlıq nəzərdə tutulur və.s. Xahiş ediri, bu sahələr arasında fərqlər haqqında danışardınız.
Düz qeyd edirsiniz ki, maliyyə sahəsi üzrə dedikdə insanların ağlına sadəcə mühasibatlıq gəlir. Bəlkə də, buna səbəb keçmiş zamanlarda insanların sadəcə olaraq “buxalter” vəzifəsində çalışan və işi ancaq hesablamaq olan insanları görməkdən irəli gəlir. Hətta son dövrlərə kimi də, universitetdə 2-ci qrup üzrə hazırlaşan tələbələrə “məsləhət” olaraq, ən azından mühasib olarsan kimi sözlər deyildiyinin də şahidi olmuşam. Əlbəttə ki, bu səhv fikirdir.
Belə ki, qloballaşan dünyada maliyyə sahəsi üzrə müxtəlif sahələr daha da genişlənir və mühasibatlıq ilə yanaşı maliyyə hesabatlarının hazırlanması və analitikası kimi sahələr də inkişaf edir. Analitiklər, şirkətlərin maliyyə hesabatların analiz edərək müvafiq qərarları verə bilmə qabiliyyətində olan insanlardır. Azərbaycanda da banklarda maliyyə departamentində mühasibatlıq və analitika şöbələri ayrı -ayrılıqda yaradılır. Bu sahələr bir –biri ilə sıx əlaqədə olmaqla yanaşı, vəzifə funksiyaları bir birindən çox fərqlənir.
Pərvin müəllim, yəqin ki maliyyə sahəsində çalışan bir şəxs kimi, öz şəxsi professional inkişafınız haqqında tez-tez düşünürsünüz. Sizin fikrinizcə, bu sahədə daha çox nailiyyət qazanmaq üçün hansı addımlar zəruridir. Təbii ki, söhbət uğur qazanmaq üçün şansları artıracaq addımlardan gedir.
Təbii ki, hər birimiz öz faəliyyət sahəmizdə böyük uğurlara sahib olmaq istəyirik. Məlumdur ki, əldə edilən uğurlar təkcə yüksək gəlirlərlə kifayətlənmir. Bu həmçinin insanların özünə inamını da artırır. Mənim fikrimcə, nəaliyyət qazanmaq üçün hər hansı bir şansın sənin ayağına qədər gələcəyini gözləmək yox, öz şansını özün ayağına gətirməli, yəni yaratmalısan. Qoyduğunuz məqsədə çatmaq üçün plan qursanız və bu plan üzrə doğru addımlar atarsanız, şans da sizə o qədər yaxın olar. Elə bu prinsipcə, nailiyyət qazanmaq üçün daima yeni məqsədlər qoyuram və planlı olaraq o məqsədimə çatmaq üçün bütün gücümlə, özümə inamlı bir şəkildə kariyeramda daha böyük uğurlar əldə etməyə çalışıram.
Comments are closed.