“Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı hesabatlılığı əhatə edib”.
Banker.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Palatanın illik hesabatını təqdim edərkən deyib.
V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib. O əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, dövlət qurumlarında yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsmiləşdirilməməsidir.
“Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub”, – deyə o, qeyd edib.
Palatanın sədri bildirib ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi və bu sahədə səhiyyə satınalmalarının həyata keçirilməsi ilə bağlı audit fəaliyyətinə artıq başlanılıb.