25 C
Baku
Monday, April 29, 2024

Palata “PARA” BOKT-a lisenziya verdi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib. Bu barədə Banker.az-a MBNP-dan məlumat daxil olub.

Məlum olduğu kimi, “Parabank” ASC-nin lisenziyası MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və məhkəmənin qərarına əsasən banka Əmanətlərin Sığortalanması Fondu (Fond) ləğvedici kimi təyin edilmişdir. Fond 43 milyon  manat sığortalanmış əmanətlər üzrə kompensasiya ödəmişdir.

Fond və “Parabank”ın səhmdarları arasında bankın BOKT-na  transformasiyası məsələsi razılaşdırılmış və MBNP-yə müraciət edilmişdir.

MBNP-nin məsələyə dair ilkin razılığı alındıqdan sonra bankın BOKT-na çevrilməsi ilə bağlı Fond tərəfindən 22 avqust 2016-cı il tarixində Məhkəməyə müraciət edilmiş və  Məhkəmənin 31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilmişdir.  “Para” BOKT-un nizamnaməsi 2 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır.

Məhkəmənin 9 fevral 2017-ci il tarixli qərardadı ilə “Parabank”ın məcburi ləğv prosesi dayandırılmış və Fondun ləğvedici kimi fəaliyyətinə xitam verilmişdir. Cəmiyyət BOKT kimi fəaliyyətə başlamaq üçün xüsusi icazə almaq  məqsədilə 9 mart 2017-ci il tarixində MBNP-yə müraciət etmişdir.

“Parabank” ASC-nin hüquqi və fiziki şəxslər qarşısında 39 milyon manat məbləğində öhdəliyi icra edilmiş, qalan digər öhdəlikləri isə kreditorlarla razılaşdırılaraq tənzimlənmişdir.

MBNP “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsini və  MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, “Para” BOKT ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə lisenziya verib.

Bununla da, ilk dəfə bankın digər kredit təşkilatına – bank olmayan kredit təşkilatına çevrilməsi prosesi həyata keçirilmişdir.

Direktorlar Şurasının iclasında həmçinin “Para” BOKT ASC-nin xidmət şəbəkəsinin  formalaşdırılması məqsədilə 20 filialının açılması müraciətinə baxılmış və müvafiq icazələrin verilməsinə dair müsbət qərar qəbul edilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər