8 C
Baku
Tuesday, March 19, 2024

Palata problemli kreditlərlə bağlı bütün sualları cavabladı

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) müştərilər tərəfindən problemli kreditlərlə bağlı verilən sualları cavablayıb.

Həmin sualları və cavablarını təqdim edirik:

Sual: Kreditlər restrukturizasiya olunduqda hansı məzənnə ilə həyata keçiriləcək?
Cavab: Restrukturizasiya müqaviləsinin bağlandığı tarixə bankın müəyyən etdiyi məzənnə əsas götürüləcək.

Sual: Kompensasiya məbləği gecikmədə olmayan aktiv borc öhdəliyinə yönləndilə bilər?
Cavab: Hesablanmış kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir. Qeyd olunan yönəldilmələr həyata keçirildikdən sonra qalan vasait fiziki şəxsin sərəncamına veriləcək. Ödəniş müddəti keçmiş əsas kredit borcu dedikdə isə fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.

Sual: Fərman kredit kartlarına da şamil olunur?
Cavab: Fiziki şəxslərin kredit kartları vasitəsilə əldə etdiyi vəsaitlər Fərmanın əhatə dairəsinə daxildir. Bu zaman, kompensasiya hesablamaları üçün həmin kredit kartlarının devalvasiya tarixlərinə istifadə olunmuş hissəsinin qalıq məbləği nəzərə alınır.

Sual: Kredit üzrə kompensasiya ödəniləcək və ya restrukturizasiya ediləcəkdir. Həmin kredit üzrə borclu tərəfindən ödənişlər davam etdirilməlidir ?
Cavab: Kompensasiya ödənişi edilən vətəndaşların kredit təşkilatına qalıq borcu olduğu şəkildə borcların ödənişinə davam etdirilməsi qanunla hüquqi öhdəlik kimi müəyyən edilmişdir. Eyni məsələ restrukturizasiya müqaviləsinə də aiddir. Belə ki, fiziki şəxs müqavilə üzrə götürdüyü öhdəliklərini qanuna əsasən icra etməlidir.

Sual: Fərman lizinq və lombard kreditlərinə də şamil olunur?
Cavab: Lizinq və lombard fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən fiziki şəxslərə verilmiş vəsaitlər üzrə kompensasiya və restrukturizasiya məbləğlərinin hesablanması nəzərdə tutulmur. Fərman yalnız banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) tərəfindən verilmiş kreditləri əhatə edir

Sual: Bir mobil nömrə ilə neçə sənəd üzrə məlumat əldə etmək olar?
Cavab: Bir mobil nömrədən 5 fərqli sənəd üzrə məlumatlar limitsiz olaraq sorğulana bilər.

Sual: Şifrəni aldıqdan sonra, yeni sorğu üçün təkrar şifrə almağa ehtiyac varmı?
Cavab: Xeyr, bir mobil nömrəyə yalnız bir şifrə verilir və təkrar sorğu zamanı eyni şifrə təkrar göndəriləcəkdir.

Sual: Məhkəmədə olan işlər nə vaxt geri çağırılacaqdır? Bunun üçün hara müraciət olunmalıdır?
Cavab: Aprel ayının sonlarında etibarən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu başlanacaqdır. Bu barədə müvafiq kredit təşkilatı tərəfindən fiziki şəxslərə bildirişlər göndəriləcəkdir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür.

Sual: Restrukturizasiya nə deməkdir? Belə olduqda mənim borcum yenə qalır?
Cavab: Restrukturizasiya dedikdə kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin rəsmiləşdirilməsi başa düşülür. Fərmanda göstərilən tələblərə cavab verən kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcları yeni müqavilə ilə rəsmiləşdirilir. Bu zaman yeni kredit müqaviləsinin şərtlərinə əsasən kredit öhdəlikləri icra olunmağa davam edir.

Sual: Avtomobili etibarnamə ilə almışam, kreditini mən ödəmişəm. Kompensasiya kimə ödəniləcəkdir?
Cavab: Kompensasiya kredit təşkilatı ilə kredit müqaviləsi bağlayan borcalan şəxsə ödənilir.

Sual: Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi nə deməkdir?
Cavab: Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır.

Sual: Borcların ödənilməsinə yönəldilən hissə bölməsində müəyyən məbləğ yazılıb və bu məbləğ kreditin ödənilməsinə yönəldilib. Mənim banka borcum qalıbdırmı?
Cavab: Elektron Portalda borcun ödənilməsinə yönəldilən hissə ilə yanaşı sizin kredit təşkilatına qalıq borcunuzun məbləği də qeyd edilir. Həmin hissədə sizin kredit təşkilatına qalıq borcunuz ətraflı göstərilir.

Sual: Mən kompensasiya alacağam, kredit borclarımın ödənilməsini davam etdirməliyəm?
Cavab: Kompensasiya ödənişi edilən vətəndaşların kredit təşkilatına qalıq borcu olduğu şəkildə borcların ödənişinə davam etdirilməsi qanunla hüquqi öhdəlik kimi müəyyən edilmişdir.

Sual: Mən yüksək məzənnə ilə faiz və dəbbə pulu ödəmişəm, nəyə görə ona kompensasiya düşmür?
Cavab: Ölkə başçısının Fərmanına əsasən xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək kompensasiyalar hesablanır.

Sual: Portala daxil oldum, lakin “heç bir məlumat tapılmadı” yazılıb. Bizə kompensasiya şamil olunmur?
Cavab: Əgər portalda sizin barənizdə məlumat tapılmayıbsa bu o deməkdir ki, sizin kredit şərtləriniz Fərmanla əhatə olunmur. Lakin, siz kredit şərtlərinizin Fərmanla əhatə olunduğuna əminsinizsə, bu zaman kredit götürdüyünüz müvafiq kredit təşkilatına müraciət edə bilərsiniz.

Sual: Portala daxil oldum, “məlumat araşdırılır” yazılıb. Bu nə deməkdir?
Cavab: Bəzi şəxslərin eyniləşdirilməsi hazırda portalda davam etdirilməkdədir. Həmin şəxslərin identifikasiya məlumatları dəqiq təqdim edilmədiyi üçün qısa müddətdə dəqiqləşdirilərək portala daxil ediləcəkdir.

Sual: Kompensasiyanı necə ala biləcəyik?
Cavab: Kompensasiyaların necə əldə ediləcəyinə dair banklardan (hazırda fəaliyyət göstərən bankların müştərilərinə münasibətdə) və Azərpoçt MMC-dən (bank olmayan kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının müştərilərinə münasibətdə) müştərilərə müvafiq bildirişlər göndəriləcəkdir. Həmin bildirişlərdə vətəndaşın yaxınlaşmalı olduğu ünvan, tarix və kompensasiya məbləği əks etdirilir. Kompensasiya məbləği 500 manatdan yuxarı olan şəxslərə plastik kartla, 500 manat və ondan aşağı məbləğdə kompensasiya əldə edən şəxlərə isə pul köçürməsi (cash by code və s.) vasitəsilə ödənişlər ediləcəkdir.

Sual: Kompensasiyanı nə vaxt almaq mümkün olacaq?
Cavab: Kompensasiyaların ödənişlərinə 2019-cu il aprel ayının sonlarına doğru başlanması nəzərdə tutulur

Sual: Məbləğdən narazı vətəndaşların müraciətlərinə necə baxılacaq?
Cavab: Hesablanmış kompensasiya və restrukturizasiya məbləğlərindən narazı olan şəxslərin müraciətlərinə təkrar baxıla bilər. Bu zaman həmin vətəndaşlar mübahisələndirdiyi kreditlərlə bağlı müvafiq kredit təşkilatlarına müraciət etməli və zəruri təsdiq edici sənədləri əldə etməlidir.

Sual: Vərəsəliklə bağlı məsələlər necə tənzimlənəcək?
Cavab: Vəfat etmiş şəxslərə hesablanmış kompensasiyalar həmin şəxslərin qanuni vərəsələri tərəfindən müvafiq təsdiqedici sənədlər (şəxsiyyəti təsdiq edən sənəd, vərəsəlik şəhadətnaməsi və s.) təqdim edilməklə əldə edilə bilər.

Sual: Kredit müqaviləsi üzrə öhdəliklər zamin tərəfindən ödənildikdə kompensasiya kimə ödəniləcək?
Cavab: Kompensasiyalar kredit təşkilatının müştərisi olan şəxslərə hesablanır. Zamin ödədiyi kredit öhdəliyi həcmində borcalandan Mülki Məcəlləyə müvafiq olaraq pulun geri ödənilməsini tələb etmək hüququ vardır.

Sual: Lisenziyası ləğv olunmuş banklarda (bank olmayan kredit təşkilatları) olan problemli kreditlərlə bağlı kompensasiya ödənişləri kim tərəfindən həyata keçiriləcək?
Cavab: Ləğvetmə prosesində olan kredit təşkilatlarının (bank və bank olmayan kredit təşkilatı), fəaliyyətdə olan bank olmayan kredit təşkilatlarının müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru (Azərpoçt MMC) vasitəsilə həyata keçirilir.

Sual: Kompensasiyanın əldə edilmək üçün etibarnamə ilə banka müraciət etmək olar?
Cavab: Bəli. Kompensasiyanın köçürüldüyü ödəniş kartının alınması və ya kredit borcunun restrukturizasiya edilməsi məqsədilə fiziki şəxsin adından onun nümayəndəsi müraciət etdikdə eyni zamanda nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli təqdim olunmalıdır.

Sual: Dollarla kreditim manata çevrilib. Bu halda kompensasiya mənə şamil olunacaq?
Cavab: Fərman 2015-ci il 25 fevral və 21 dekabr tarixlərinə fiziki şəxslərin kredit təşkilatlarına 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarına şamil olunur. Həmin tarixlərdə kredit müqaviləsi üzrə borcun məbləği xarici valyutada qeyd edilmişdirsə bu zaman Fərman həmin şəxslərə şamil olunur.

Sual: Fərmana əsasən kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur?
Cavab: Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək xarici valyutada olan istər istehlak, istər biznes, istər təminatlı, istərsə də təminatsız olan bütün növ kreditlərinə şamil edilir.

Sual: Bir neçə bank üzrə əsas kredit borcunun məbləği ayrı-ayrılıqda 10 000 ABŞ dollarınadək olan, lakin ümumilikdə əsas borcu 10 000 ABŞ dollarından çox olan fiziki şəxslərə bu Fərman şamil olunurmu?
Cavab: Xeyr. Bu Fərman 1-ci və/və ya 2-ci devalvasiyaların tarixinə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək olan fiziki şəxslərə şamil edilir.

Sual: Fərman kredit borcunu devalvasiyalardan öncə götürmüş və ödəyib bitirmiş vətəndaşlara da şamil olunurmu?
Cavab: Bəli. Fərmana əsasən həm kredit borcunu 1 yanvar 2012-ci il tarixindən 1-ci devalvasiya tarixinədək olan dövrdə götürüb həmin devalvasiyadan və ya 2-ci devalvasiyadan sonra kreditini bağlayanlara, həm də 2-ci devalvasiyadan əvvəl kredit götürüb həmin devalvasiyadan sonra kreditini bağlayan şəxslərə devalvasiya tarixlərində əsas borcun qalıq məbləğinə uyğun kompensasiya ödəniləcəkdir.

Sual: Əgər vətəndaş 21 fevral 2015-ci il tarixindən öncə 10 000 dollar məbləğindən artıq kredit götürmüşdürsə, bu Fərman onlara şamil olunurmu?
Cavab: Əgər fiziki şəxs 21 fevral 2015-ci il tarixindən öncə 10 000 dollar məbləğindən artıq götürdüyü kreditin əsas borc üzrə qalıq məbləği 21 fevral 2015-ci il və/və ya 21 dekabr 2015-ci il tarixinə azalaraq maksimum 10 000 dollar təşkil edibsə, bu halda Fərman həmin şəxslərə şamil edilir.

Sual: Vətəndaş 21 fevral 2015-ci il tarixinə 10 000 dollar həcmində əsas borc üzrə qalığı olan kreditinin bir hissəsini (misal üçün: 2000 ABŞ dollarını) 22 fevral – 21 dekabr 2015-ci il tarixləri aralığında, qalan hissəsini isə (misal üçün: 8000 ABŞ dollarını) 21 dekabr 2015-ci il tarixindən sonra ödəmişdirsə, bu halda ona güzəştlər necə hesablanacaqdır?
Cavab: Bu halda, 21 fevral 2015-ci il tarixinə əsas borc üzrə qalıq məbləği 10 000 ABŞ dolları, 21 dekabr 2015-ci il tarixinə isə əsas borc üzrə qalıq məbləği 8000 ABŞ dolları təşkil etdiyi üçün kompensaisyanın ümumi həcmi 7300 AZN (2500 + 4800) təşkil edəcəkdir.

Sual: Fiziki şəxs devalvasiyalardan öncə əldə etdiyi 10 000 dollar krediti üzrə ödənişlər etsə də, krediti tam bağlaya bilməmişdir. Bu halda, ona kompensasiya ödəniləcəkmi?
Cavab: Bu halda, hesablanmış kompensasiya məbləği ilk növbədə, fiziki şəxsin ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, artıq qalan məbləğ isə həmin fiziki şəxsə təqdim ediləcəkdir.

Sual: 22 fevral 2015-ci il – 21 dekabr 2015-ci il tarixləri aralığında əsas borcunun həcmi 10 000 ABŞ dolları məbləğinədək olan kredit müqaviləsi imzalamış və həmin aralıqda müvafiq kredit borcunu ödəmiş vətəndaş üçün hər hansı güzəştlər nəzərdə tutulurmu?
Cavab: Müvafiq aralıqda kredit münasibətlərinə daxil olmuş və kredit üzrə borcu ödəmiş vətəndaşın vəsaiti heç bir delavasiya görmədiyindən, devalvasiya nəticəsində krediti ilə bağlı maliyyə itkisi ilə üzləşmədiyindən ona hər hansı kompensasiya ödənilməsi nəzərdə tutulmur.

Sual: 21 dekabr 2015-ci il tarixindən sonra 10 000 ABŞ dollarınadək kredit götürmüş şəxslərə Fərman ilə hər hansı güzəşt nəzərədə tutulurmu?
Cavab: 21 dekabr 2015-ci il tarixindən sonra kredit götürmüş fiziki şəxslərə kompensasiya ödənilməsi nəzərdə tutulmur. Bununla belə, fiziki şəxsin kredit borcu üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslər restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1% dərəcəsi ilə yeni kredit götürə biləcəklər.

Sual: Dollar krediti restrukturizasiya olunaraq manata çevrildikdə Fərmana əsasən kompensasiya ödəniləcəkmi?
Cavab: Vətəndaşın 21 fevral 2015-ci il və/və ya 21 dekabr 2015-ci il tarixlərinə xarici valyutada qalıq borcu olduğu təqdirdə müvafiq kompensasiyalar ödəniləcəkdir.

Sual: Fərmana əsasən kompensasiya ödənişi avro və rubl kreditlərinə də şamil olunurmu?
Bəli. Fərmana əsasən kompensasiya ödənişi bütün xarici valyutada olan kreditlərə şamil edilir. Bu zaman kompensasiya məbləği həmin kreditlərin valyutalarının 21 fevral 2015-ci il, 21 dekabr 2015-ci il və 1 mart 2019-cu il tarixlərinə Azərbaycan Respublikası Mərkəzi Bankının təqdim etdiyi məzənnə nəzərə alınmaqla hesablanır.

Sual: Hansı kredit borclarının restrukturizasiya olunacağı nəzərdə tutulur?
Borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş kreditlərin restrukturizasiyası nəzərdə tutulmuşdur.

Sual: Manatla krediti olanlara hər hansı güzəşt nəzərdə tutulurmu?
Cavab: 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə milli valyutada əsas borcun qalıq məbləğinin cəmi 17000 manatadək olan 360 gündən çox gecikdirilmiş kreditlər restrukturizasiya olunacaqdır.

Sual: Fərmana əsasən kreditlərin restrukturizasiyası nəyi nəzərdə tutur?
Cavab: Fərmana əsasən kreditlərin restrukturizasiyası 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikməsi olan kreditlər üzrə vaxtıkeçmiş kreditin bağlanması məqsədilə 1 faizlə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) manat kreditinin verilməsini nəzərdə tutur. Habelə, vaxtıkeçmiş kreditlərə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi banklara təklif edilir.

Sual: Fərmanın qüvvəyə mindiyi tarixə işi məhkəmələrdə olan və ya icra sənədi üzrə icraata daxil olan fiziki şəxslərin kredit borcları üzrə problem necə həll olunacaq?
Cavab: 1-ci və 2-ci devalvasiyaların tarixinə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək olan şəxslərin işləri üzrə məhkəmədə olan iddialardan imtina ediləcək, habelə icra sənədi üzrə icraata xitam veriləcəkdir.

Sual: Güzəştlərin əldə edilməsi üçün vətəndaşlar hansı addımları atmalıdır? Vətəndaşlar banklara nə vaxtdan etibarən müraciət edə bilərlər?
Cavab: Vətəndaşların banklara müraciət etməsinə zərurət yoxdur. Hazırda güzəştlərdən faydalanacaq müştərilərin siyahısı hazırlanır. Banklar bu siyahılar üzrə öz müştərilərinə müraciət edəcəkdir. Eyni zamanda, hər bir vətəndaş kompensasiya ödənişləri ilə bağlı yaradılacaq reyestrdə öz adının olub-olmamasını yoxlaya biləcəkdir.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər