İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayı təqdim edilib. İcmalda qeyd olunub ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 6,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 697 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon ABŞ dolları və ya 26,5 faiz artıb.
2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb. Statistikaya əsasən, digər mallar müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon ABŞ dolları), xurma (31,9 milyon ABŞ dolları), elektrik enerjisi (23,2 milyon ABŞ dolları) və s. təşkil edir.
2021-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (27,8 milyon ABŞ dolları) birinci, qızıl (21,2 milyon ABŞ dolları) ikinci və pomidor (21 milyon ABŞ dolları) üçüncü olub.