Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manat vəsaitin maliyyələşdirilməsi təmin olunub.
Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Maliyyə naziri Samir Şərifov bildirib.
“Bu mənbədən səhiyyə sahəsinə ayrılmış 250 milyon manat vəsaitdən 149 milyon manat, sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manat, sosial təminat dəstək tədbirləri üzrə ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manat, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə edilib.
Möhtərəm cənab Prezident, pandemiyanın hansı müddətə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənliyin, dünya iqtisadiyyatında resessiyanın nə vaxt başa çataraq iqtisadi artımla əvəz olunacağını tam təxmin etmək hələ də qeyri-mümkündür. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9 faizədək pisləşdirib. Bununla yanaşı, fond 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpa olunması proqnozunu yeniləyərək daha mülayim addımla əvəzləyib”- deyə, nazir bildirib.