Lisenziyası ləğv olunan “Parabank” ASC bank olmayan kredit təşkilatına çevrilməklə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) rəsmi müraciət edib. Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
“Artıq yeni hüquqi şəxs qeydiyyatdan keçib. Fevralın 20-də “Parabank”ın səhmdarları bizə müraciət edib. Biz bu maliyyə təşkilatına bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi üçün lisenziya verilməsi məsələsinə Direktorlar Şurasının növbəti iclasında baxacağıq. Kifayət qədər kapitalı olmayan bir bank lazımi həcmdə kapitalı olan bank olmayan kredit təşkilatına çevriləcək. “Parabank”ın lisenziyası geri alındıqda 40 milyon manat kapitalı var idi. Bank həmin kapital hesabına öhdəliklərini icra edib, hətta 20,5 milyon manat da sərmayə saxlaya bilib”, – deyə R. Aslanlı vurğulayıb.