Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank “HackerRank” innovativ işəgötürmə platformasının istifadəsinə başladı. Azərbaycanda ilk dəfə tətbiqinə başlanılmış bu sistem informasiya texnologiyaları sahəsi üzrə məşğul olan mütəxəssislərin işəqəbul prosesinin effektiv şəkildə keçirilməsinə imkan verir.
Sistemin ən vacib üstünlüklərindən biri də eyni vaxtda yüzlərlə potensial namizədin bilik və professional bacarıqlarının sınaqdan keçirilib təhlil olunmasıdır. Yeni platforma, ilkin olaraq, müraciət edən şəxsin potensialını, güclü və zəif tərəflərinin obyektiv şəkildə qiymətləndirilməsi, texniki cəhətdən hazırlığı, verilən tapşırığa sərf edilən zaman müddəti və digər məqamları öyrənməyə şərait yaradır. Cari platforma sayəsində mütəxəssislər nəinki Azərbaycan, həmçinin dünyanın istənilən ölkəsində Bankın işəqəbul prosesində iştirak edə bilərlər.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, sürətlə dəyişən müasir dövrdə dünyanın aparıcı şirkətləri İT sahəsi üzrə peşəkar mütəxəssislərin işə cəlb olunması üçün bu kimi yenilikçi sistemlərə müraciət edirlər.
“İşəgötürənlə yanaşı, namizədlər də, öz növbəsində, seçim mərhələsinin obyektivliyi və şəffaflığını özündə ehtiva edən detallı test nəticələri ilə təmin olunur. İnanıram ki, peşəkar İT mütəxəssisləri arasında kifayət qədər tanınmış ən yeni platformanın tətbiqi Azərbaycan bazarında rəqəmsal sahə üzrə ən tərciyə olunan işəgötürən kimi mövqeyimizi daha da möhkəmləndirməyə kömək edəcək” , – T. Kazımov bildirib.
Onu da qeyd edək ki, “HackerRank” işəgötürmə platforması dünyanın müxtəlif ölkələrində 1000-dən çox şirkətdə İT sahəsi üzrə mütəxəssislərin peşəkar bacarıqlarının qiymətləndirilməsi üçün standart hesab edilir.