Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirməyə davam edir. Belə ki, Bank, iyun ayının 18-də Bakı Dövlət Universiteti ilə əməkdaşlığa dair Memorandum imzalayıb.
Tədbirdə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov, Bakı Dövlət Universitetində yüksək təhsil standartlarının və fakültələrin müxtəlifliyinin əməkdaşlıq və gənc istedadların cəlb olunması baxımından böyük imkanlar vəd etdiyini vurğulayıb. O, bu əməkdaşlığın həm Bankın, həm də Universitetin gələcək inkişafına dəstək verəcəyini söyləyib.
“Mən, hər zaman vurğulamışam ki, gənclərin peşəkar inkişafına sərmayə yatırmaq mütləqdir. Bugünün istedadlı gəncləri, sabah Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsinə çevriləcək. Bu gün biz, təhsil müəssisələrini dəstəkləyirik ki, gələcəkdə məzunlarımız bizim fəaliyyətimizə öz töhfəsini bəxş etsin”, – deyə Taleh Kazımov vurğulayıb.
Qeyd edək ki, “PAŞA Bank”, daha öncə ADA Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Fransız Universiteti ilə əməkdaşlıq Memorandumu imzalayıb. Bu əməkdaşlıq çərçivəsində Bank tərəfindən təcrübə proqramları və müxtəlif təlim sessiyaları təşkil olunur. 2019-cu ildən etibarən keçirilən təcrübə proqramında 70-ə yaxın tələbə iştirak edib ki, onlardan 11-i hazırda Bankın əməkdaşları sırasındadır.