“PAŞA Bank” ASC 2023-cü ilin ilk üç rübündə 147.27 mln. manat xalis mənfəət əldə edib. 2022-cü ilin eyni dövründə bu rəqəm 109.71 mln. manat idi.
Banker.az bunu “PAŞA Bank” ASC-nin rüblük maliyyə hesabatlarına istinad edir.
Hesabata görə bank ilin ilk üç rübü ərzində faiz gəlirlərini illik müqayisədə 44 faiz artımla 323.89 mln. manata, faiz xərcləri 11 faiz artımla 44.02 mln. manata, qeyri-faiz gəlirləri 15 faiz artımla 165.91 mln. manata və qeyri faiz xərcləri isə 29 faiz artımla 229.33 mln. manata yüksəlib. Beləliklə, bankın əməliyyat mənfəəti 2022-ci ilin ilk 9 ayında 149.89 mln. manat olduğu halda, cari ilin analoji dövründə 205.67 mln. manata yüksəlib.
Bank dövlətə 42.5 mln. manat mənfəət vergisi ödəyib.
Bu xalis mənfəətdən sonra bankın balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 376.26 mln. manata yüksəlib.
AKTİVLƏT BÖYÜYÜR…
1 oktyabr 2023-cü il tarixinə bankların aktivlərinin həcmi 8 milyard 234.06 milyon manat olub. Bu son bir ildə aktivlərin 8 faiz böyüməsi deməkdir. Aktivlərin 2 milyard 720.77 milyon manatı müştərilərə verilən kreditlər, 2 milyard 270.63 milyon manatı qiymətli kağızlar portfeli və 1 milyard 454.22 milyon manatı isə digər banklardakı depozitlərdir.
Bankın müştərilərdən cəlb etdiyi depzitlərin həcmi 6 milyard 593.02 milyon manat olub.